İsrail seçkilərə gedir - Netanyahu seçilməzsə...
İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ölkənin daxili siyasi kursu ilə yanaşı, Yaxın Şərqdəki proseslər baxımından da mühüm əhəmiyyət daşıyır. Seçki öncəsi sorğular Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağ koalisiyanın ciddi rəqabətlə üzləşdiyini göstərir. Eyni zamanda, Qəzza, İran və Livanla bağlı münaqişələr İsrailin təhlükəsizlik və xarici siyasətini seçkinin əsas mövzularından birinə çevirib.
Seçkilərin nəticəsi yeni hökumətin Fələstin məsələsi, Qəzzadakı vəziyyət, İranla qarşıdurma və regiondakı digər təhlükəsizlik məsələlərinə yanaşmasına təsir göstərə bilər. İsrailin son dövrdə Qərb ölkələri ilə də diplomatik gərginlik yaşaması fonunda seçkilərin nəticələri ölkənin həm regional siyasətinə, həm də beynəlxalq münasibətlərinə təsir edə biləcək amil kimi qiymətləndirilir.
Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hazifoğlu oktyabrın 27-də keçirilməsi planlaşdırılan seçkilərin İsrailin daxili siyasəti və Yaxın Şərqdəki proseslər baxımından ciddi dəyişikliklərə səbəb ola biləcəyini Crossmedia.az-a açıqlamasında bildirib: “Ümumilikdə oktyabrın 27-də keçirilməsi planlanan seçkilər bir çox şeyi dəyişdirəcək. İlk növbədə, əgər nəticələr dəyişərsə və Benyamin Netanyahu baş nazir olaraq seçilməzsə, koalisiya olarsa və yaxud sağçılar, eyni zamanda mühafizəkar dindarlar arasında ciddi fikir ayrılığı yaranarsa, bu, yalnız İsraili deyil, eyni zamanda İsrail-ABŞ-nin Yaxın Şərq siyasətini, həmçinin İsrail və ərəb ölkələri arasında olan bütün əlaqələri sıfırdan başlamağa məcbur edən bir prosedur olacaq”.

Ekspertin sözlərinə görə, “Əqsa tufanı” əməliyyatından sonra İsrailin bölgədə apardığı siyasət Yaxın Şərqdə yeni reallıqlar yaradıb: “Bölgədə belə bir fikir yarandı ki, İsrail yeni Yaxın Şərqi formalaşdırır və bu formalaşdırılma qan bahasına başa gəlirdi. Təbii ki, burada müsbət məqamlar da var, eyni zamanda çox faciəvi məqamlar da var. Çox ciddi addımlar da atıldı. Onlardan biri, təbii ki, İsrailin əbədi və əzəli düşməni hesab edilən Hizbullah, İran və bu günlərdə husilərə qarşı ciddi əməliyyatların keçirilməsidir. Artıq əvvəlki o bölgəyə nəzarət mexanizmi ortadan qalxıb. Bu, pis-yaxşı Netanyahunun hərbi, logistik, strateji və kəşfiyyat məlumatlarının toplanılması nəticəsində əldə edilən hərbi uğurların göstəricisidir”.
Rufiz Hazifoğlu vurğulayıb ki, seçkilər ərəfəsində vəziyyətin dəyişməsi və yeni münaqişə ocaqlarının yaranması ehtimalı da nəzərə alınmalıdır: “Netanyahu hakimiyyətdən gedərsə, Yaxın Şərqdə yenidən 1:0 başlama nöqtəsi gözlənilir. Təbii ki, bu da asan olmayacaq. Ümumiyyətlə, Yaxın Şərqdə proseslər heç bir halda asan başa gəlmir, çətindir. Bu seçkilərdə kimlərin kimlərə dəstək verəcəyi və son anda hansı koalisiyaların olacağı hələ tam bəlli deyil. Çünki seçkilərə bir aydan çox vaxt qalıb və bu müddətdə hər şey dəyişə bilər. Xüsusən də yeni hərbi cəbhələrin, yeni münaqişə ocaqlarının istər Fələstində, istər Suriyada, istər Livan cəbhəsində və hətta İran cəbhəsində də açılması ehtimal edilə bilər”.
Nigar Xəlilli
20:30 10.09.2026
Oxunuş sayı: 56