3 dövlət husilərə qarşı - Yaxın Şərqdə vəziyyət qarışır
Yəməndə husilərlə Səudiyyə Ərəbistanı arasında gərginliyin yenidən artması Yaxın Şərqdə təhlükəsizlik gündəliyini ön plana çıxarıb. Oktyabrın 11-də Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanından ibarət R4 qrupu husilərin hücumlarını pisləyərək krallığın suverenliyinə və təhlükəsizliyinə dəstək ifadə edib. Bəyanatda, o cümlədən Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına endirilən zərbələr nəticəsində mülki şəxslərin həlak olması və infrastrukturun zədələnməsi vurğulanıb. Oktyabrın 18-də isə Pakistan və Misir rəsmiləri ikitərəfli telefon danışığında Səudiyyə Ərəbistanı ilə həmrəy olduqlarını bir daha təsdiqləyiblər. Bu diplomatik koordinasiya husilərə qarşı regional mövqelərin sərtləşməsi ehtimalını gündəmə gətirsə də, ölkələrin hansı konkret addımlara əl atacağı və gərginliyin diplomatik yollarla azaldılmasının mümkün olub-olmayacağı hələ açıq qalır.
Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hafizoğlu Yəməndə husilərə qarşı mümkün hərbi əməliyyatlar, Pakistanın prosesdəki rolu və Suriyadakı xarici döyüşçülərin gələcək taleyi ilə bağlı Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, Körfəz Əməkdaşlıq Şurasının toplantısında husilərin terrorçu qruplaşma kimi tanınması məsələsi gündəmə gəlib. O, Pakistanın hərbi əməliyyatlarda iştirakına və regional güclərin dəstəyinə də diqqət çəkib: “Pakistan münaqişənin ilk günlərindən etibarən husilərə qarşı hərbi əməliyyatlarda, o cümlədən hava zərbələrinin həyata keçirilməsində iştirak edib. Bu prosesdə Türkiyə kəşfiyyatının rolunu da qeyd etmək lazımdır. Səudiyyə Ərəbistanının maliyyə dəstəyi də mühüm əhəmiyyət daşıyır. Pakistanlı pilotların həyata keçirdiyi bombardmanlar husilərin hərbi imkanlarını zəiflətməyə yönəlib”.
Rufiz Hafizoğlu Misirin də husilərə qarşı əməliyyatlara dolayısı ilə qoşulmasının mümkünlüyünü bildirib. Onun sözlərinə görə, bu proses İranın regiondakı təsirinə qarşı formalaşan mövqelərlə əlaqəlidir: “Misirin də açıq şəkildə olmasa belə, bu prosesə qoşulması gözlənilə bilər. Ümumilikdə, burada söhbət İranın regionda yaratmağa çalışdığı təsir dairəsinə, xüsusilə şiə hilalına qarşı bir sipərin formalaşdırılmasından gedir”.
Ekspert Suriyanın Yəməndə husilərə qarşı əməliyyatlara hərbi dəstək verə biləcəyi ilə bağlı açıqlamalara da münasibət bildirib. O, qeyd edib ki, Suriyada mövcud olan xarici döyüşçülər ölkənin gələcəyi üçün ciddi təhlükə yaradır: “Suriyanın Yəmənə hərbi dəstək verməsi ilk baxışda təəccüblü görünə bilər. Çünki ölkə özü uzunmüddətli müharibədən yeni çıxıb və qarşısında çoxsaylı problemlər var. Lakin Suriyada qalan xarici döyüşçülər ölkənin gələcəyi baxımından ciddi təhlükədir. Onlardan qurtulmağın yollarından biri həmin qüvvələrin başqa münaqişələrə yönəldilməsi ola bilər”.
Rufiz Hafizoğlu Əfqanıstandakı müharibə dövründə müxtəlif ölkələrdən radikal silahlı qruplara dəstək verilməsi təcrübəsini də xatırladıb. O, belə yanaşmaların nəticələrinin hər zaman uğurlu olmadığını vurğulayıb: “Əfqanıstanda müharibə başlayanda Əlcəzair, Liviya, Sudan və Səudiyyə Ərəbistanı kimi ölkələrdən də bu prosesə qoşulanlar var idi. Məqsədlərdən biri radikal silahlı islamçı qüvvələrdən qurtulmaq idi. Lakin belə yanaşmaların sonradan uğursuzluğa düçar olması təcrübəsi də mövcuddur. Bu gün Suriyada olan xarici döyüşçülər ölkənin gələcəyi üçün ciddi təhlükə törədirlər. Onların Yəməndə husilərə qarşı mübarizəyə cəlb edilməsi həmin qüvvələrin Suriyadan uzaqlaşdırılması vasitəsi kimi nəzərdən keçirilə bilər. Ancaq bu, onlar üçün birtərəfli biletə çevrilə bilər. Çünki Yəməndəki münaqişə son dərəcə mürəkkəbdir və həmin döyüşçülərin geri qayıtması heç də təmin olunmur”.
Nigar Xəlilli
15:00 19.10.2026
Oxunuş sayı: 68