“Yarımçıq işimiz var” - ABŞ-İran müharibəsi yenidən alovlanır?
ABŞ-İran qarşıdurmasında gərginlik yenidən yüksəlir. Tərəflər arasında sərt bəyanatlar, qarşılıqlı təhdidlər və Hörmüz boğazı ətrafında artan təhlükəsizlik riskləri regionda yeni hərbi eskalasiya ehtimalını gündəmə gətirir. İranın xarici işlər naziri Abbas Əraqçinin “Yarımçıq işimiz var” ifadəsi isə Tehranın Vaşinqtona ünvanladığı növbəti mesaj kimi qiymətləndirilir. Bəs bu açıqlama yeni müharibənin anonsudur, yoxsa ABŞ-ni mümkün hərbi əməliyyatlardan çəkindirməyə hesablanmış siyasi gedişdir? ABŞ və İran arasında uzun illərdir davam edən qarşıdurma son dövrlər xüsusilə kəskin xarakter almağa başlayıb. Tərəflər arasında sərt bəyanatların intensivləşməsi, fevral ayında ABŞ və İsrailin İrana yönəlik hərbi zərbələri, eləcə də Hörmüz boğazı ətrafında artan hərbi aktivlik regionda yeni genişmiqyaslı toqquşma ehtimalını ciddi şəkildə gündəmə gətirir.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, Rəsmi Tehranın son bəyanatları Vaşinqtona yönəlmiş çəkindirici mesaj xarakteri daşıyır:
"Hazırki mənzərə onu deməyə əsas verir ki, İranla ABŞ arasındakı qarşıdurma artıq sadəcə sərt bəyanatlarla məhdudlaşmır. Fevralda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi zərbələr, sonrakı cavab tədbirləri, atəşkəs cəhdlərinin nəticəsiz qalması və Hörmüz boğazı ətrafında yaranan gərginlik yeni toqquşma ehtimalını artırır. Trampın bəyanatlarına cavab olaraq Abbas Əraqçinin "Yarımçıq işimiz var" ifadəsi Tehran tərəfindən verilən çəkindirici mesaj kimi qiymətləndirilə bilər. Tehran bununla mümkün yeni hücumun əvvəlki əməliyyatların sadəcə təkrarı olmayacağı və İranın cavab imkanlarının nəzərə alınmalı olduğu barədə xəbərdarlıq edir. Bu ritorika həm ABŞ rəhbərliyinə hərbi əməliyyatların yüksək xərc doğura biləcəyini göstərmək, həm də daxili auditoriyaya xarici təzyiqlər qarşısında geri çəkilməyəcəyini nümayiş etdirmək məqsədi daşıyır".
Y.Bağırzadə vurğulayıb ki, hazırkı mərhələdə əsas risk kiçik bir insidentin böyük müharibəyə çevrilməsi və Hörmüz boğazının təhlükəsizliyidir:
"Əsas təhlükə hərbi hazırlığın artırılması, qarşılıqlı təhdidlərin konkret əməliyyat qərarlarına çevrilməsi və tərəflərdən birinin digərinin niyyətini yanlış qiymətləndirməsidir. Təhlillər göstərir ki, ABŞ və İran eyni zamanda həm hərbi eskalasiyaya hazırlaşır, həm də diplomatik həll imkanlarını hələ tam bağlamayıblar. Bu şəraitdə lokal və kiçik bir insidentin genişmiqyaslı qarşıdurmaya çevrilməsi real riskdir. Xüsusilə Hörmüz boğazında gəmiçiliyin pozulması enerji bazarlarına, beynəlxalq ticarətə və Körfəz ölkələrinin təhlükəsizliyinə birbaşa təsir göstərə bilər. Buna görə də Vaşinqtonun addımları yalnız İranla münasibətlər kontekstində deyil, qlobal iqtisadiyyat baxımından qiymətləndiriləcək".
Ekspert sonda Ağ Evin strategiyasındakı dilemmaya və İsrail faktoruna diqqət çəkib:
"İran xarici işlər nazirinin İsrailin baş nazirini ABŞ-ni yeni müharibəyə cəlb etməyə çalışmaqda ittiham etməsi regiondakı geosiyasi rəqabətin mühüm tərəfidir. Netanyahunun ABŞ-nin İrana qarşı əməliyyatları dayandırmaqda maraqlı olmadığı faktdır, lakin ABŞ-nin özünün maraqları olmadan, sırf Netanyahu istəyir deyə İranla qarşıdurmaya gitməsi inandırıcı deyil. Ağ Evin strategiyasındakı əsas dilemma İsrailin təhlükəsizlik maraqlarını dəstəkləməklə ABŞ-nin daha geniş regional maraqlarını qorumaq arasında tarazlıq yaratmaqdır. Ümumiyyətlə isə aralıq seçkilərindən sonra Tehranla Vaşinqton arasında hərbi qarşıdurmanın yenidən genişlənməsi riski oldukça yüksəkdir, lakin prosesin gedişatını tərəflərin real hərbi qərarları və diplomatik danışıqların taleyi müəyyən edəcək".
Fatimə Cabbarlı
14:30 19.10.2026
Oxunuş sayı: 58