İrana qarşı beynəlxalq təzyiq: 30 dövlət birləşdi
Son dövrlər İrana qarşı müxtəlif beynəlxalq platformalarda bəyanatların verilməsi və diplomatik təzyiqlərin artırılması müşahidə olunur. 29 ölkənin xarici işlər nazirlərinin İranı təxribatlar, kiberhücumlar və digər hibrid əməliyyatlarda ittiham etməsi beynəlxalq təzyiqlərin Tehranın siyasətinə nə dərəcədə təsir göstərə biləcəyi məsələsini yenidən gündəmə gətirir. Belə bir kollektiv mövqe İranın beynəlxalq təcridini dərinləşdirə, diplomatik və iqtisadi təzyiqləri gücləndirə bilər. Lakin əsas sual budur: bu bəyanat Tehranın konkret addımlarını dəyişməsinə, müəyyən fəaliyyətlərdən çəkinməsinə və ya beynəlxalq razılaşmalara getməsinə nə dərəcədə təsir göstərə bilər?
Mövzu ilə bağlı Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, İrana qarşı diplomatik təsirlər gözlənilən nəticəni vermir və bunun kökləri onilliklər əvvələ dayanır:
"İrana qarşı diplomatik təzyiqlər, təəssüflər olsun ki, heç bir nəticə vermir. Çünki İran adı çəkilən dövlətlərdə hələ 1980-ci illərin ortalarından və 1990-cı illərdən başlayaraq öz ideoloji bazasını qurmağa başlayıb. Bu gün İranın ideoloji propaganda və proksi müharibəsindən əziyyət çəkən dövlətlərdə mövcud olan ciddi iqtisadi, ideoloji və sosioloji problemləri rəsmi Tehran vaxtında aktiv şəkildə öyrənərək təhlil etdi və buna qarşı öz ideologiyasını ortaya qoydu".
R.Hafizoğlu vurğulayıb ki, Rəsmi Tehran şiəlik ideologiyasından öz milli və imperialist maraqları üçün istifadə edir:
"İran İslam dünyasında və şiə müsəlmanlar arasında elə bir ideoloji təbliğat aparıb ki, sanki şiəlik İransız mümkün deyil. Lakin reallıq fərqlidir. İran şiə ideologiyasını öz milli fars maraqlarında istifadə edərək Livanda, Suriyada, Yəməndə və İraqda yalnız və yalnız fars imperializminə qurban verən bir dövlətdir. Vaxtilə İŞİD sünni ideologiyasından qaynaqlanaraq terrora yönəldildiyi kimi və bundan ən çox zərər çəkən elə İslam dünyası olduğu kimi, bu gün də şiə dünyasının İransız yaşaya bilməyəcəyi düşüncəsi yanlışdır".
Ekspert sonda İranın daxili vəziyyətinə, güc strukturlarının təqdimatına və beynəlxalq diplomatiyaya münasibətinə diqqət çəkib:
"İranın bu gün qalib gəldiyi yeganə platforma sosial şəbəkələr və radikal qruplaşmaların toplandığı mühitlərdir. Bugünkü İranın vəziyyəti Səddam Hüseyn dövründəki Bağdadın vəziyyətini xatırladır.Xarabalıqları qəhrəmanlıq muzeyi kimi, parçalanmış güc strukturlarını creates olunmuş qəhrəman obrazında təqdim etməyə çalışırlar. Digər tərəfdən, İran beynəlxalq diplomatik təzyiqlərə heç bir əhəmiyyət vermir. Əgər belə olmasaydı, İran bu gün Nigeriya kimi Afrika ölkələrinə qədər uzanan coğrafiyada aktiv propaganda və ideoloji nüfuz mübarizəsi apara bilməzdi".
Fatimə Cabbarlı
18:30 13.10.2026
Oxunuş sayı: 52