Ciddi siyasi razılaşma əldə olunmasa münaqişə riski davam edəcək - Rəy
Yaxın Şərqdə davam edən gərginlik regionun təhlükəsizlik arxitekturasına və enerji təchizatına ciddi təsir göstərməkdədir. Səudiyyə Ərəbistanındakı neft emalı zavodunun husilərin hücumuna məruz qalması bölgədə qarşıdurmanın yeni mərhələyə keçə biləcəyi ilə bağlı narahatlıqları artırır. Enerji infrastrukturunun hədəfə alınması isə yalnız tərəflər arasında hərbi qarşıdurma deyil, həm də qlobal enerji bazarları və beynəlxalq təhlükəsizlik baxımından ciddi risklər yaradır.
Lakin bu hücumları yalnız Səudiyyə Ərəbistanı ilə husilər arasındakı lokal münaqişə kontekstində qiymətləndirmək düzgün olmaz. Yəməndə uzun illərdir davam edən siyasi və hərbi qarşıdurma, İranın regiondakı təsiri, husilərin hərbi imkanları və Qırmızı dənizdəki strateji marşrutlar vəziyyəti daha da mürəkkəbləşdirir. Son hücumun ardınca Səudiyyə Ərəbistanının hansı addımları atacağı və qarşıdurmanın daha geniş regional müharibəyə çevrilib-çevrilməyəcəyi diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin ərəb ölkələri üzrə eksperti Lalə Xəlilzadə qeyd edib ki, son dövrlərdə Səudiyyə Ərəbistanının husilər tərəfindən ardıcıl hücumlara məruz qalması müşahidə olunur: “Diqqətəlayiq məqam ondan ibarətdir ki, hücumların hədəf dairəsi yalnız hərbi obyektlərlə məhdudlaşmır, ölkənin enerji və nəqliyyat infrastrukturunu, eləcə də iqtisadi əhəmiyyət daşıyan mülki obyektləri əhatə edir. Belə ki, noyabrın 26-da Səudiyyə Ərəbistanının Cazan bölgəsində yerləşən neft emalı zavodunun hücuma məruz qalması enerji infrastrukturunun da birbaşa hədəfə çevrildiyini göstərir. Bu hücum husilərin son dövrdə Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi ən ciddi eskalasiya nümunələrindən biri kimi qeyd oluna bilər. belə ki, hücum nəticəsində bir işçi həlak olmuş, müxtəlif millətlərdən olan bir neçə nəfər yaralanmış və müəssisənin bəzi əməliyyatları müvəqqəti dayandırılmışdır.
Bununla belə, diqqət çəkən məqam ondan ibarətdir ki, Cazan zavoduna hücumdan bir gün əvvəl, noyabrın 25-də husilər Səudiyyə Ərəbistanının digər mühüm enerji infrastrukturu olan Ras-Tənura neft emalı zavodunu da hədəfə aldıqlarını bəyan etmişdilər. Səudiyyə koalisiyası Ras-Tənura istiqamətində dörd PUA-nın qarşısının alındığını açıqlamışdı. Digər tərəfdən, husilər Cazan və Ciddə limanlarını da hədəfə aldıqlarını bəyan ediblər.
Qeyd etməyə dəyər ki, bu eskalasiyanın ən ciddi tərəfi hədəflərin strateji əhəmiyyətidir. Cazan Səudiyyə Ərəbistanının Yəmənlə sərhədinə yaxın yerləşir. Ras-Tənura isə ölkənin neft emalı və ixrac infrastrukturu baxımından mühüm əhəmiyyət daşıyır. Bu obyektlərin hədəfə alınması Səudiyyə Ərəbistanına yalnız hərbi deyil, həm də iqtisadi və siyasi təzyiq göstərilməsi deməkdir.
Burada husilərin istifadə etdiyi hərbi taktikanı da nəzərə almaq lazımdır. Raket və pilotsuz uçuş aparatları vasitəsilə strateji obyektlərin hədəfə alınması qarşı tərəfi hava hücumundan müdafiə imkanlarını genişləndirməyə, əlavə resurslar səfərbər etməyə və iqtisadi təhlükəsizlik tədbirlərini gücləndirməyə məcbur edir. Yəni hücumun nəticəsi yalnız obyektə dəyən fiziki ziyanla ölçülmür; onun yaratdığı təhlükəsizlik və iqtisadi xərclər də nəzərə alınmalıdır.
Digər mühüm məqam isə münaqişənin coğrafi miqyasının genişlənməsidir. Yəmənin Qırmızı dəniz sahillərindəki əraziləri və Bab əl-Məndəb boğazına yaxınlığı bu qarşıdurmanı beynəlxalq dəniz ticarəti və enerji daşımaları üçün də əhəmiyyətli edir. Bu baxımdan, Səudiyyə Ərəbistanı ilə husilər arasındakı qarşıdurma artıq ikitərəfli təhlükəsizlik məsələsi olmaqdan çıxaraq daha geniş regional və beynəlxalq nəticələr doğuran prosesə çevrilir”.
Ekspert qeyd edib ki, bu münaqişənin uzun müddətdir davam etməsinin əsas səbəbi onun yalnız Səudiyyə Ərəbistanı ilə husilər arasında ərazi və ya sərhəd mübahisəsindən ibarət olmamasıdır: “Əslində, burada Yəmənin daxili siyasi hakimiyyət uğrunda mübarizəsi, regional güclərin rəqabəti, təhlükəsizlik maraqları və ölkənin gələcək idarəçilik modeli ilə bağlı ziddiyyətlər bir-biri ilə kəsişir.
Münaqişənin hazırkı mərhələsinin kökləri 2014-cü ilə gedib çıxır. Həmin il husilər Yəmənin paytaxtı Sənanı ələ keçirərək ölkənin beynəlxalq səviyyədə tanınan hökumətini hakimiyyətdən uzaqlaşdırdılar. 2015-ci ilin martında isə Səudiyyə Ərəbistanının rəhbərliyi ilə ərəb koalisiyası Yəmənə hərbi müdaxiləyə başladı. Riyadın əsas məqsədi beynəlxalq səviyyədə tanınan hökumətin hakimiyyətini bərpa etmək və husilərin ölkə üzərində nəzarətini məhdudlaşdırmaq idi. Lakin hərbi müdaxilə husilərin mövqelərini tamamilə aradan qaldırmadı və onlar ölkənin şimal-qərbində, o cümlədən Sənada nəzarətlərini qoruyub saxladılar.
Münaqişənin həllini çətinləşdirən bir neçə fundamental amil var. Bunlar Yəməndə vahid siyasi hakimiyyətin formalaşmaması, İran amili, husilərin İranla siyasi, hərbi və texniki əlaqələri Səudiyyə Ərəbistanı ilə qarşıdurmaya regional ölçü qazandırması, tərəflərin təhlükəsizlik və siyasi tələblərinin üst-üstə düşməməsi, münaqişənin iqtisadi və strateji maraqlarla bağlı tərəfi.
Hazırkı gərginliyi əvvəlki illərdəki Səudiyyə–husi qarşıdurmasından fərqləndirən əsas cəhətlərdən biri onun daha geniş regional hadisələrlə əlaqəli olmasıdır. 2026-cı ildə ABŞ–İran qarşıdurmasının Yəmənə təsirləri, Qırmızı dənizdə təhlükəsizlik vəziyyətinin pisləşməsi və Bab əl-Məndəb boğazı ətrafında hərbi-siyasi rəqabətin artması münaqişəyə yeni ölçü qazandırıb.
Hesab edirəm ki, Səudiyyə Ərəbistanı ilə husilər arasındakı qarşıdurmanın hazırkı mərhələsini Yəməndəki daxili münaqişənin yenidən aktivləşməsi ilə yanaşı, Yaxın Şərqdə regional güc rəqabətinin dərinləşməsi kontekstində qiymətləndirmək lazımdır.
Burada əsas məsələ ondan ibarətdir ki, husilər artıq yalnız Yəmənin daxilində hakimiyyət uğrunda mübarizə aparan silahlı-siyasi qüvvə kimi çıxış etmirlər. Onların raket və PUA imkanları, Qırmızı dəniz sahilindəki mövqeləri və beynəlxalq dəniz nəqliyyatına təsir göstərmək potensialı regional təhlükəsizlik baxımından əhəmiyyətli faktora çevrilib.
Səudiyyə Ərəbistanı isə Yəməndəki münaqişənin öz ərazisinə və iqtisadi infrastrukturuna birbaşa təhlükə yaratmasının qarşısını almağa çalışır. Bu baxımdan, tərəflər arasında hərbi qarşıdurmanın davam etməsi yalnız Yəmənin daxili siyasi gələcəyini deyil, həm də Körfəz regionunda təhlükəsizlik arxitekturasını və Qırmızı dənizdə beynəlxalq ticarətin sabitliyini müəyyən edən amillərdən biri olaraq qalır.
Mənim qənaətimcə, davamlı həll üçün yalnız Səudiyyə Ərəbistanı ilə husilər arasında atəşkəsin əldə olunması kifayət etməyəcək. Yəmənin müxtəlif siyasi və hərbi qüvvələrinin iştirak etdiyi, İran və digər regional aktorların maraqlarının da nəzərə alındığı daha geniş siyasi razılaşmaya ehtiyac var. Əks halda, hərbi əməliyyatlar müəyyən müddətə dayandırılsa belə, münaqişənin yenidən alovlanması üçün zəmin qalacaq”.
Ayhan
20:00 27.11.2026
Oxunuş sayı: 39