Rusiya- NATO müharibəsi başlayır
Şərqi Avropada müharibənin davam etməsi və Rusiya ilə Qərb arasında hərbi-siyasi qarşıdurmanın dərinləşməsi NATO ölkələrində ciddi təhlükəsizlik narahatlıqları yaradır. Xüsusilə münaqişənin Rusiya və Ukrayna əraziləri ilə məhdudlaşmayaraq yeni coğrafiyalara yayılması, digər regionların da qarşıdurmaya cəlb olunması ehtimalı diqqət mərkəzindədir. Müharibənin artıq bir neçə ildir davam etdiyi bir şəraitdə belə bir ssenarinin reallaşması nə dərəcədə mümkündür? Bəs döyüşlərin yeni bölgələrə sıçraması Rusiya ilə NATO arasında birbaşa qarşıdurmaya və daha genişmiqyaslı, hətta dünya müharibəsi təhlükəsinə yol aça bilərmi?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, münaqişənin coğrafi baxımdan yalnız Rusiya və Ukrayna əraziləri ilə məhdudlaşmaması, eyni zamanda Avropa və NATO sərhədləri yaxınlığında davam etməsi, Aralıq dənizi, Yaxın Şərq və Afrikaya qədər uzanması vəziyyətin daha geniş təhlükəsizlik kontekstində qiymətləndirilməsini zəruri edir: “Bu məqam onu göstərir ki, tərəflərin xarici təhlükəsizlik və hərbi əməkdaşlıq istiqamətində atdığı addımlar qarşıdurmanın yeni coğrafiyalara, o cümlədən Liviyaya və Aralıq dənizi sahillərinə qədər genişlənməsi riskini özündə ehtiva edir. Başqa sözlə, Rusiya ilə Qərb arasında mövcud qarşıdurma təkcə Ukrayna cəbhəsindəki hərbi əməliyyatlarla məhdudlaşmır, müxtəlif regionlarda geosiyasi və hərbi rəqabət müstəvisində də özünü göstərir. Bu baxımdan, Rusiya ilə NATO arasında birbaşa toqquşma riskləri də kifayət qədər yüksək olaraq qalır. Əslində, bu risklər heç vaxt aradan qalxmayıb və ötən müddət ərzində də azalmayıb. Əksinə, tərəflər arasında hərbi-siyasi gərginliyin davam etməsi, qarşılıqlı təhlükəsizlik narahatlıqlarının artması və müxtəlif regionlarda hərbi fəaliyyətlərin genişlənməsi belə bir toqquşma ehtimalını daim gündəmdə saxlayır. Buna görə də mövcud vəziyyəti yalnız Rusiya-Ukrayna müharibəsi çərçivəsində deyil, daha geniş beynəlxalq təhlükəsizlik və NATO-Rusiya münasibətləri kontekstində nəzərdən keçirmək lazımdır”.
Ayhan
17:30 27.11.2026
Oxunuş sayı: 50