ABŞ Hərbi Hava Qüvvələrinin sisteminə kiberhücum edilib
ABŞ Hərbi Hava Qüvvələrinin əsas bulud hesablama platformalarından biri olan “Cloud One” kiberhücuma məruz qalıb. Hadisə nəticəsində həssas hərbi məlumatların təhlükəyə düşməsi ehtimalı yaranıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Məsələdən məlumatlı üç mənbənin bildirdiyinə görə, hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi platformanın sistemlərinə sızmağa nail olublar.
Kiberhücum nəticəsində hərbi əməliyyatlar, şəxsi heyət və logistika ilə bağlı həssas məlumatların təhlükəyə düşmüş ola biləcəyi bildirilir.
Məlumata əsasən, sistemə müdaxilə təxminən son bir ay ərzində aparılan yenilənmə işləri zamanı aşkar edilib. Hadisə platformanın fəaliyyətində müəyyən fasilələrə səbəb olub.
Hücumun vurduğu zərərin qiymətləndirilməsi üçün ABŞ Kiber Komandanlığı (Cyber Command) araşdırmaya cəlb edilib.
Hazırda kiberhücumun arxasında hansı şəxslərin və ya qrupların dayandığı, eləcə də hər hansı məlumatın oğurlanıb-oğurlanmadığı məlum deyil.
ABŞ Hərbi Hava Qüvvələri isə konkret sistemlərin təhlükəsizlik vəziyyəti və əməliyyat statusu barədə şərh vermədiyini bildirib.
17:10 27.11.2026
Oxunuş sayı: 40