Türkiyə İranla qaz müqaviləsini 2032-ci ilədək uzadıb
Türkiyə İrandan təbii qaz idxalına dair uzunmüddətli müqavilənin müddətini 2032-ci ilədək uzadıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Türkiyənin dövlət enerji şirkəti BOTAŞ və İran Milli Qaz Şirkəti (NIGC) arasında müvafiq razılaşma əldə olunub.
Tərəflərin əvvəlki 25 illik müqaviləsinin müddəti 2026-cı ilin iyulunda başa çatıb.
Yeni razılaşma çərçivəsində qaz tədarükünün davam etdirilməsi nəzərdə tutulur. Əvvəlki müqaviləyə əsasən, illik tədarük həcmi təxminən 10 milyard kubmetr olub. Yeni müqavilədə bu həcmin dəyişib-dəyişmədiyi hələ məlum deyil.
“Bloomberg” qeyd edir ki, müqavilənin uzadılması ABŞ-nin İrana iqtisadi təzyiqlərinin davam etdiyi bir dövrə təsadüf edir.
İran Türkiyənin əsas təbii qaz təchizatçılarından biri olaraq qalır. Bununla yanaşı, Ankara son illərdə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində addımlar atır.
16:20 27.11.2026
Oxunuş sayı: 40