Çin səfiri rusiyalı həmkarını “qardaşım” adlandırıb
Çinin Ermənistandakı səfiri Li Sinvey rusiyalı həmkarı Sergey Kopırkinlə yaxın dostluq münasibətlərindən danışaraq onu öz qardaşı hesab etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə məlumat yayıb.
Çinli diplomat İrəvanda Rusiya-Çin münasibətlərinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı rus dilini öyrənəcəyinə də söz verib.
“Ermənistanda müxtəlif ölkələrin səfirləri olan həmkarlarım var və biz tez-tez ünsiyyətdə oluruq. Lakin mənim ən yaxın və sadiq dostum cənab Kopırkindir. Onu əminliklə qardaşım adlandıra bilərəm”, – deyə səfir bildirib.
Li Sinvey vurğulayıb ki, Moskva ilə Pekin arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanır.
Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələr yalnız 30 illik strateji tərəfdaşlıq dövrü və ya Çinlə SSRİ arasındakı tarixi münasibətlərlə məhdudlaşmır.
14:29 27.11.2026
Oxunuş sayı: 45