Yağ bahalaşdı, növbədə hansı ərzaqlar var?
Son dövrlər Azərbaycanda ərzaq məhsullarının qiymətində müşahidə olunan
dəyişikliklər istehlak bazarında bahalaşma meyillərini yenidən gündəmə gətirir.
Xüsusilə gündəlik tələbat mallarının qiymətindəki artım ailə büdcəsinə birbaşa
təsir göstərir. Ərzaq səbətinin əsas məhsullarından hesab olunan bitki
yağlarının bahalaşması da bu baxımdan diqqət çəkir. Belə ki, Azərbaycanda ötən
ilin oktyabr ayı ilə müqayisədə bu ilin eyni dövründə həm günəbaxan, həm də
qarğıdalı yağının qiymətində artım qeydə alınıb. Günəbaxan yağının bir litrinin
orta qiyməti 5 manat 27 qəpik, qarğıdalı yağının bir litrinin qiyməti isə 6
manat 92 qəpik təşkil edib. Xüsusilə qarğıdalı yağında daha yüksək qiymət
artımının qeydə alınması istehlak bazarındakı dəyişikliklərin səbəbləri ilə bağlı
suallar yaradır.
Bitki yağlarının qiymətinə təsir edən amillər yalnız daxili bazardakı tələb
və təkliflə məhdudlaşmır. İstehsalçı ölkələrdə məhsuldarlıq, xammalın qiyməti,
beynəlxalq bazarlarda təklifin həcmi, daşınma və logistika xərcləri, eləcə də
valyuta məzənnələrindəki dəyişikliklər idxaldan asılı olan məhsulların
qiymətinə təsir göstərə bilər. Digər tərəfdən, dünya bazarında enerji
daşıyıcılarının, gübrələrin və kənd təsərrüfatı məhsullarının bahalaşması
istehsal və nəqliyyat xərclərini artıraraq son istehlak qiymətlərində də özünü
göstərə bilər.
Bu fonda əsas məsələ yalnız bitki yağlarının deyil, yaxın dövrdə digər ərzaq məhsullarının qiymətində hansı dəyişikliklərin baş verə biləcəyidir. Xüsusilə idxaldan asılılıq, mövsümi amillər və istehsal xərclərinin artması çörək və un məmulatları, süd məhsulları, ət, yumurta, şəkər və digər gündəlik tələbat mallarının qiymətinə necə təsir edə bilər?

Crossmedia.az-a açıqlamasında iqtisadçı
Asif İbrahimov bildirib ki, ərzaq məhsullarının bahalaşması əhalinin
gündəlik həyatına birbaşa təsir göstərir:
“Çünki gəlirlərin artım tempi ilə ərzaq qiymətlərinin artım tempi arasında
fərq yarandıqda, ilk növbədə əhalinin real alıcılıq qabiliyyəti zəifləyir.
Bitki yağlarının qiymətindəki artımın arxasında bir neçə iqtisadi amil dayanır.
Dünya bazarında bitki yağlarına tələbat, əsas istehsalçı ölkələrdə
məhsuldarlıq, enerji və gübrə xərcləri, logistika problemləri, ixrac
məhdudiyyətləri və bioyanacaq istehsalının genişlənməsi qiymətlərə təsir
göstərir. Xüsusilə günəbaxan, soya, palma və qarğıdalı yağları arasında
əvəzetmə əlaqəsi mövcuddur. Bir məhsulun təklifində azalma digər məhsullara tələbatı
və onların qiymətini artıra bilər. Amma Azərbaycanda qiymət artımının bütün
məsuliyyətini dünya bazarının üzərinə qoymaq da düzgün iqtisadi yanaşma deyil.
Xarici bazarlardakı bahalaşmanın daxili bazara hansı həcmdə və hansı sürətlə
ötürüldüyü ciddi araşdırılmalıdır. İdxal qiymətləri, gömrük və logistika
xərcləri, distribusiya marjaları, topdansatış və pərakəndə satış qiymətləri
müqayisə edilməlidir. Məhsulun xaricdən hansı qiymətə gətirildiyi və
istehlakçıya hansı qiymətə təqdim edildiyi şəffaf olmalıdır”.
Asif İbrahimov hesab edir ki, Azərbaycanda ərzaq bazarının ən ciddi
problemlərindən biri idxaldan asılılığın yaratdığı iqtisadi həssaslıqdır:
“Dünya bazarında hər hansı məhsulun qiyməti yüksələn kimi bu dəyişiklik
daxili bazarda da hiss olunur. Belə şəraitdə ölkənin ərzaq təhlükəsizliyi
xarici istehsalçıların, beynəlxalq logistika şirkətlərinin və qlobal təchizat
zəncirlərinin qərarlarından asılı vəziyyətə düşür.
Yaxın aylarda bitki yağları ilə yanaşı, şəkər, düyü, un və un məmulatları,
quş əti, yumurta, süd məhsulları və digər idxaldan asılı ərzaq məhsulları üzrə
də qiymət təzyiqləri yarana bilər. Xüsusilə yem komponentlərinin, gübrələrin,
enerji və daşınma xərclərinin bahalaşması heyvandarlıq və quşçuluq
məhsullarının maya dəyərinə təsir göstərə bilər. Bu məhsulların qiymət
dinamikası qabaqcadan izlənilməli, mümkün risklər üzrə preventiv tədbirlər
görülməlidir.
Ərzaq inflyasiyasının sosial nəticələri də kifayət qədər ağırdır. Aşağı və
orta gəlirli ailələr büdcələrinin böyük hissəsini ərzağa sərf edirlər. Ərzaq
məhsullarının qiymətində 7-10 faizlik artım belə həmin ailələr üçün ciddi əlavə
xərc yaradır. Ailələr digər ehtiyaclarından imtina etməyə, daha ucuz və
keyfiyyəti aşağı məhsullara üstünlük verməyə məcbur qalırlar. Bu proses
əhalinin həyat keyfiyyətinə, istehlak strukturuna və sosial rifahına mənfi
təsir göstərir.
Dövlətin qarşısında duran əsas vəzifələrdən biri ərzaq bazarında qiymət
sabitliyini təmin edən iqtisadi mexanizmləri gücləndirməkdir. Təəssüf ki,
idxaldan yüksək asılılıq şəraitində daxili bazarın xarici qiymət şoklarına
qarşı dayanıqlılığı məhdud qalır. Bu problemin həlli üçün kənd təsərrüfatında
istehsalın genişləndirilməsi, yerli emal sənayesinin inkişafı və aqrar
istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi istiqamətində daha ciddi addımlar
atılmalıdır.
Xüsusilə bitki yağları üzrə Azərbaycanın öz istehsal potensialından tam
istifadə etməsi vacibdir. Günəbaxan, qarğıdalı və soya istehsalının
genişləndirilməsi, emal müəssisələrinin yaradılması, müasir texnologiyaların
tətbiqi və fermerlərin maliyyə resurslarına çıxış imkanlarının
yaxşılaşdırılması dövlətin aqrar siyasətində prioritet istiqamətlərdən
olmalıdır. Hazır məhsulun idxalına xərclənən vəsaitin müəyyən hissəsinin yerli
istehsal və emal zəncirinin inkişafına yönəldilməsi uzunmüddətli perspektivdə
iqtisadi baxımdan daha səmərəli nəticələr verə bilər.
Digər ciddi problem ərzaq bazarında rəqabət mühitinin vəziyyətidir.
İdxalçıların və iri distribütorların bazardakı mövqeləri, məhsulların satış
zəncirində formalaşan əlavə xərclər və ticarət marjaları mütəmadi təhlil
edilməlidir. Eyni məhsulun müxtəlif satış şəbəkələrində kəskin qiymət fərqləri
yaratmasının səbəbləri araşdırılmalıdır. Rəqabət mühitinin zəifliyi və bazara
yeni iştirakçıların daxil olmasının çətinləşməsi istehlakçının seçim
imkanlarını məhdudlaşdıra bilər.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ərzaq bazarında
qiymət formalaşmasına təsir edən amillərin araşdırılmasını məhz Gömrük
Komitəsinin fəaliyyətindən başlamalıdır.
Gömrük tarifinin müəyyən edilməsini tənzimləyən qanunvericiliyin
boşluğundan sui-istifadə halları ciddi
nəzarətdə saxlanılmalıdır. İdaxl edilən məhsulun yistehsalçıdan alış qiymətləri
ilə pərakəndə satış qiymətləri arasındakı fərqi göstərən açıq monitorinq
mexanizmi yaratmalıdır.Onda hər şey açıq aydın üzə çıxacaq.Azərbaycanda
inflyasiyanın böyük bir hissəsini yaradan məhz Dövlət Gömrük Komitəsidir.
Ərzaq təhlükəsizliyi istiqamətində strateji ehtiyatların idarə olunması,
idxal mənbələrinin şaxələndirilməsi və alternativ təchizat marşrutlarının
yaradılması da xüsusi əhəmiyyət daşıyır. Ölkə bir neçə təchizatçıdan asılı
vəziyyətə düşməməlidir. Beynəlxalq bazarda yaranan hər hansı məhdudiyyətin
daxili istehlaka ciddi təsir göstərməməsi üçün çevik təchizat sistemi
qurulmalıdır”.
İqtisadçı qeyd edib ki, ərzaq qiymətlərinin artması ilə bağlı məsuliyyət
yalnız qiymətləri qeydə almaq və əhali narazılığını müşahidə etməklə
məhdudlaşmamalıdır:
“İqtisadi idarəetmə qabaqlayıcı xarakter daşımalıdır. Hansı məhsul üzrə
idxal riski yaranır, hansı məhsulun daxili istehsalı artırıla bilər, hansı
bazarda rəqabət zəifdir, hansı istehsal sahəsi əlavə dəstəyə ehtiyac duyur – bu
suallara konkret iqtisadi hesablamalar əsasında cavab verilməlidir.
Azərbaycanın ərzaq təhlükəsizliyi strateji məsələdir. Əhalinin gündəlik
istehlak etdiyi məhsulların qiymətinin xarici bazarlardakı dəyişikliklərdən bu
qədər asılı olması iqtisadi siyasətdə ciddi yanaşma tələb edir. Yerli
istehsalın genişləndirilməsi, emal sənayesinin inkişafı, bazarda rəqabətin
gücləndirilməsi və idxal risklərinin azaldılması üzrə real nəticələr əldə
edilmədikcə ərzaq qiymətləri xarici şoklara həssas qalacaq.Ərzaq məhsullarının
əlçatanlığı sosial rifahın ən mühüm göstəricilərindən biridir. Əhalinin
gəlirinin əhəmiyyətli hissəsi gündəlik qida tələbatına sərf olunursa, qiymət
artımı artıq sadəcə bazar göstəricisi deyil, ölkənin sosial-iqtisadi
dayanıqlılığına təsir edən ciddi problemdir. Dövlətin iqtisadi siyasəti bu
reallığı nəzərə almalı və ərzaq təhlükəsizliyini kağız üzərindəki
göstəricilərdən real istehsal, rəqabət və əlçatanlıq nəticələrinə çevirməlidir”.
Məhəbbət Tərlanoğlu
13:00 27.11.2026
Oxunuş sayı: 49