Şarj stansiyaları işləmir: Elektromobil sahibləri çarəsiz qalıb
Azərbaycanda elektrik avtomobillərinin sayının artması ilə yanaşı, onların
enerji ilə təmin olunması üçün nəzərdə tutulan şarj infrastrukturunun vəziyyəti
ilə bağlı narazılıqlar da artır. Paytaxtın müxtəlif ərazilərində quraşdırılmış
şarj stansiyalarının bir qisminin işləməməsi, bəzilərinin isə sürücülər üçün
əlçatan olmaması elektromobil sahiblərinin gündəlik istifadədə çətinliklərlə
üzləşməsinə səbəb olur.
Belə ki, sürücülər şarj məntəqələrinin texniki vəziyyətindən, onların
yerləşdiyi ərazilərdən və xidmətin əlçatanlığından narazılıq edirlər. Məsələn
Bakının Koroğlu metrostansiyasının yaxınlığında, stadionun ərazisində
“Azərişıq” tərəfindən illər əvvəl quraşdırılan 15 şarj stansiyasının fəaliyyət
göstərmədiyi bildirilir. Eyni zamanda, 8 Noyabr prospektindəki quruma məxsus
şarj məntəqələrinin də işləməməsi ilə bağlı narazılıqlar var.
Ağ Şəhər ərazisində yerləşən 10-15 şarj stansiyasından bəzilərinin bir neçə
aydır istifadəyə yararsız olduğu, Balaxanı qəsəbəsində yeni quraşdırılan
məntəqələrin isə hələ fəaliyyətə başlamadığı da narazılıqlar sırasındadır.
Həmçinin SOCAR-ın yanacaqdoldurma məntəqələrindəki şarj stansiyaları ilə
bağlı da problemlər var. Şarj infrastrukturunun ərazi üzrə qeyri-bərabər
paylanması da müzakirə olunan məsələlərdəndir. Sürücülərin sözlərinə görə,
məntəqələrin böyük hissəsi şəhər mərkəzində yerləşir, Günəşli və Neftçilər
metrostansiyası ətrafında isə seçim imkanları məhduddur.
Bütün bunlar elektrik avtomobillərindən istifadənin təşviqi ilə mövcud
infrastrukturun əlçatanlığı arasında ciddi fərqin yarandığını göstərir. Bir
tərəfdən alternativ enerji mənbələrinə keçid, ekoloji nəqliyyatın inkişafı və
yaşıl enerji siyasəti prioritet kimi təqdim olunur, digər tərəfdən isə mövcud şarj
məntəqələrinin işlək vəziyyətdə saxlanılması və əhali üçün əlçatanlığı sual
doğurur.
Elektromobil almaq istəyən vətəndaş üçün avtomobilin qiyməti və texniki
göstəriciləri ilə yanaşı, onu harada və hansı şəraitdə enerji ilə təmin edə
biləcəyi də mühüm əhəmiyyət daşıyır. Şarj infrastrukturundakı problemlər isə bu
nəqliyyat vasitələrinə keçid prosesini çətinləşdirə bilər.
Yaşıl nəqliyyatın inkişafı yalnız yeni şarj stansiyalarının quraşdırılması ilə məhdudlaşmamalıdır. Mövcud məntəqələrin fasiləsiz fəaliyyəti, texniki xidmətin təşkili, şəhərin müxtəlif ərazilərində əlçatanlığın təmin edilməsi də vacibdir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov
Crossmedia.az-a açıqlamasında bildirib ki, enerji doldurma məntəqələrinin
sayının azlığı və enerji təminatının zəif olması da vətəndaşları elektromobil
almaqdan çəkindirir:
“Halbuki bu məsələni müəyyən tövsiyə xarakterli qaydalarla həll etmək olar.
Məsələn, bu gün Azərbaycanda, hətta kəndlərdə belə yanacaqdoldurma məntəqələri
var. Tövsiyə xarakterli bir qərar qəbul edilə bilər ki, hər yanacaqdoldurma
məntəqəsində heç olmasa bir ədəd enerji doldurma cihazı da quraşdırılsın.
Düşünürəm ki, bu halda sözügedən problemi kökündən həll etmək mümkün olar”.
Ekspert bildirib ki, dövlət dörd il bundan əvvəl ölkədə ekoloji cəhətdən
təmiz nəqliyyat vasitələrinin vətəndaşlar tərəfindən istifadəsini həvəsləndirən
və stimullaşdıran müəyyən addımlar atdı:
“Hibrid və elektromobillər ölkəyə idxal olunarkən müəyyən rüsumlardan azad
edildi. Bunun nəticəsində ölkə daxilində yeni avtomobillərin qiyməti də əlçatan
oldu. Vətəndaşlar daha çox belə avtomobillərə üstünlük verməyə başladılar və
bunun real nəticəsini gördük.
Sadəcə məsələ ondan ibarətdir ki, elektromobillərə maraq böyük olsa da,
hazırda bu maraq azalmağa başlayır. Çünki enerji doldurma məntəqələrinin sayı
olduqca azdır. Baxmayaraq ki, dövlət enerji doldurma məntəqələrinin yaradılması
üçün yenə də müəyyən stimullaşdırıcı addımlar atıb. Belə cihazlar ölkəyə idxal
olunarkən müəyyən rüsumlardan azad edilir ki, sahibkarlar onları alıb gətirsin
və ölkədə enerji doldurma məntəqələri təşkil etsinlər.
Amma görürük ki, sahibkarlar, əsasən, rentabelliyi nəzərə alaraq, yoxsa
enerji təminatını əsas götürərək, bunu dəqiq deyə bilmərəm, enerji doldurma
məntəqələrini daha çox Bakı və Abşeronda yaradırlar. Bölgələrdə isə vəziyyət
demək olar ki, ürəkaçan deyil. Hətta bəzi bölgələrdə enerji doldurma
məntəqələri yaradılsa da, onların elektrik enerjisi ilə təmin olunmasında müəyyən
çətinliklər mövcuddur”.
Qeyd edək ki, Crossmedia.az məsələni araşdıracaq.
Məhəbbət Tərlanoğlu
12:00 27.11.2026
Oxunuş sayı: 46