Yuxu rejiminiz pozulubsa, diqqətli olun: Depressiya əlaməti ola bilər
Depressiya müasir dövrdə geniş
yayılmış psixoloji problemlərdən biri hesab olunur. Lakin bu vəziyyət hər
insanda eyni əlamətlərlə özünü göstərmir. Bəzi insanlar davamlı kədər,
ümidsizlik və motivasiya itkisi yaşadığı halda, digərlərində yuxu rejiminin pozulması,
səhərlər yorğun oyanmaq, həddindən artıq yatmaq və gün ərzində enerji
çatışmazlığı daha qabarıq müşahidə olunur. Depressiyanın müxtəlif formalarda
təzahür etməsi onun diaqnostikası və müalicəsində fərdi yanaşmanın əhəmiyyətini
artırır.
Son elmi araşdırmalar isə
depressiyanın bioloji mexanizmləri ilə bağlı yeni müzakirələrə yol açıb.
Alimlər sirkadiyalı depressiya adlandırılan, orqanizmin daxili bioloji saatı və
yuxu-oyanıqlıq ritmi ilə əlaqəli xüsusiyyətlər daşıyan bir depressiya profilini
müəyyən ediblər. Araşdırmaya əsasən, xüsusilə ağır, təkrarlanan və uzunmüddətli
depressiya yaşayan insanların müəyyən hissəsində bu xüsusiyyətlərə rast
gəlinir. Gec yatmaq, normadan artıq yuxu, səhərlər özünü yorğun hiss etmək və
mövsümi əhval dəyişiklikləri həmin şəxslərdə daha çox müşahidə olunur.
Tədqiqatın diqqətçəkən məqamlarından
biri bu xüsusiyyətləri daşıyan insanların ənənəvi antidepressant müalicəsinə
daha zəif reaksiya verə bilməsidir. Bu isə depressiyanın müalicəsində yalnız
psixoloji amillərin deyil, yuxu rejimi, bioloji ritmlər və orqanizmin fizioloji
xüsusiyyətlərinin də nəzərə alınmasının vacibliyini gündəmə gətirir. Bununla
yanaşı, işıq terapiyası və melatoninlə əlaqəli yanaşmaların mümkün faydaları da
müzakirə olunur.
Bəs sirkadiyalı depressiyanı digər depressiya formalarından fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

Crossmedia.az-a açıqlamasında
psixoloq Mətanət Əliyeva bildirib ki, ilk növbədə bir anlayışa aydınlıq
gətirmək lazımdır:
“Sirkadiyal depressiya hazırda
ayrıca, müstəqil klinik diaqnoz kimi qəbul edilmir. Elmi ədəbiyyatda bu anlayış
daha çox bioloji saatın və 24 saatlıq yuxu–oyanıqlıq ritminin ciddi şəkildə
pozulduğu depressiv vəziyyətləri təsvir edən mümkün bir klinik fenotip kimi
müzakirə olunur. Bu yanaşmada depressiyanın əsas xüsusiyyətlərindən biri
insanın əhvalının, enerjisinin, fəaliyyətinin və yuxusunun günün bioloji ritmi
ilə uyğunluğunun pozulmasıdır.
Belə insanlarda gec saatlarda yuxuya
getmək, səhərlər çox çətin oyanmaq, günün birinci yarısında enerji və
motivasiyanın çox aşağı olması, həddindən artıq yatmaq, fiziki aktivliyin
azalması və gün ərzində özünü yorğun hiss etmək müşahidə oluna bilər.
Araşdırmalarda sirkadiyal depressiya fenotipi üçün yuxu–oyanıqlıq dövrünün
pozulması, aşağı enerji, motor aktivliyin azalması və bəzi hallarda çəki artımı
kimi xüsusiyyətlər qeyd olunur.
Ancaq burada vacib məqam odur ki,
gec yatmaq, çox yatmaq və ya səhər yorğun oyanmaq təkbaşına depressiya demək
deyil. Bu əlamətlər yanlış yuxu rejimi, gecə ekran istifadəsi, iş qrafiki,
sirkadiyal yuxu pozuntuları və müxtəlif tibbi səbəblərlə də əlaqəli ola bilər”.
Psixoloq qeyd edib ki, depressiyadan
danışmaq üçün bunlarla yanaşı ən azı iki həftə davam edən əhval düşkünlüyü və
ya əvvəl zövq alınan fəaliyyətlərə marağın itməsi, enerji azalması, diqqət
problemləri, ümidsizlik, özünü dəyərsiz hiss etmə kimi digər əlamətlər də
nəzərə alınmalıdır:
“Yuxunun həm azalması, həm də
həddindən artıq artması depressiyanın mümkün simptomları arasındadır.
Məsələn, qış aylarında müşahidə
olunan mövsümi depressiyada həddindən artıq yatmaq, enerjinin azalması, sosial
olaraq geri çəkilmək və karbohidratlara meyl kimi əlamətlər daha xarakterik ola
bilər. Bu vəziyyətdə gün işığının azalması və bioloji ritmin dəyişməsi mühüm
rol oynayır.
Bioloji saatımız beynin sadəcə nə
vaxt yatıb oyanacağını müəyyənləşdirən mexanizmi deyil. O, hormonların ifrazı,
bədən temperaturu, enerji səviyyəsi, diqqət və emosional vəziyyət daxil olmaqla
bir çox sistemi gün ərzində koordinasiya edir. Beyində bu prosesin əsas
tənzimləyicilərindən biri hipotalamusda yerləşən supraxiazmatik nüvədir və gün
işığı bu sistemin ən güclü xarici tənzimləyicilərindən biridir. Sirkadiyal
sistem xarici işıq–qaranlıq dövrü ilə uyğunluğunu itirdikdə yuxu, melatonin və
stress sistemi daxil olmaqla bir neçə mexanizmdə dəyişiklik baş verə bilər.
Müasir araşdırmalar bu pozuntularla depressiya və narahatlıq arasında sıx əlaqə
olduğunu göstərir.
Psixoloji baxımdan bunu belə izah
edə bilərik: insan gecə saatlarında aktiv, gündüz isə yuxulu və enerjisiz
olduqda onun sosial və gündəlik ritmi də pozulur. Səhər işə və ya dərsə
başlamaq çətinləşir, fiziki aktivlik azalır, sosial əlaqələr zəifləyə və
insanın özünü uğursuz hiss etməsi arta bilər. Beləliklə, bioloji ritm və
psixoloji vəziyyət bir-birini qarşılıqlı şəkildə gücləndirə bilər. Yəni insan
depressiv olduğu üçün yuxusu pozula bilər, eyni zamanda davamlı pozulmuş yuxu
və sirkadiyal ritm də depressiv simptomları dərinləşdirə bilər.
Bəzi insanlarda depressiya
əlamətlərinin səhərlər daha ağır, axşama doğru isə nisbətən yüngül olması da
məhz gün ərzində əhvalın dəyişkənliyi ilə əlaqəli ola bilər. Lakin hər bir
insanın ritmi fərqlidir və buna görə yalnız yuxu saatına əsasən diaqnoz qoymaq
mümkün deyil.
Ənənəvi müalicənin niyə bəzi belə
xəstələrdə daha zəif təsir göstərdiyi məsələsi də maraqlıdır. Sirkadiyal
depressiya fenotipini irəli sürən tədqiqatçılar bu qrupda adi
antidepressantlara cavabın daha zəif ola biləcəyini qeyd edirlər. Amma bu,
bütün yuxu problemi olan depressiv şəxslərin antidepressantlardan fayda
görməyəcəyi demək deyil. Daha düzgün yanaşma odur ki, əgər depressiya ilə
yanaşı ciddi sirkadiyal pozuntu da varsa, yalnız əhvalı deyil, yuxu və bioloji
ritmi də ayrıca müalicə hədəfinə çevirmək lazım gələ bilər.
Bu səbəbdən psixoterapiyanın və yuxu
rejiminin tənzimlənməsinin əhəmiyyəti böyükdür. Xüsusilə yuxusuzluqla işləyən
Koqnitiv-Bihevioral Terapiya – CBT-I – yalnız yuxunu yaxşılaşdırmaqla
kifayətlənmir, depressiv simptomların azalmasına da kömək edə bilər. 2026-cı
ildə dərc olunmuş böyük meta-analizdə CBT-I-nin depressiv simptomlara müsbət
təsirinin müalicədən sonra 3, 6 və hətta 12 aya qədər davam etdiyi göstərilib”.
Mətanət Əliyeva vurğulayıb ki, sirkadiyal
ritmin tənzimlənməsində hər gün təxminən eyni saatda yatıb oyanmaq, xüsusilə
oyanma saatını sabit saxlamaq, səhər gün işığından istifadə etmək, gecə güclü
işıq və ekran təsirini azaltmaq, gün ərzində fiziki aktiv olmaq və yemək
saatlarını mümkün qədər stabil saxlamaq da əhəmiyyətlidir:
“Son illərin sistematik icmalları
göstərir ki, bioloji saatın yenidən uyğunlaşdırılmasına yönələn müdaxilələr
xüsusilə gecikmiş sirkadiyal ritmi və depressiv simptomları olan insanlarda
əhvalın yaxşılaşması ilə əlaqəli ola bilər.
İşıq terapiyası və digər
xronoterapiya üsulları da müəyyən hallarda tətbiq edilir. Xüsusilə mövsümi
depressiyada işıq terapiyasının elmi əsasları kifayət qədər güclüdür. Müasir
xronoterapiya yanaşmalarında işıq terapiyası, yuxu fazasının dəyişdirilməsi və
digər ritm tənzimləyici üsullar klassik müalicəyə əlavə kimi istifadə oluna
bilər.
Ancaq bunların hər biri fərdi
qiymətləndirmə tələb edir. Xüsusilə bipolar pozuntu ehtimalı olan şəxslərdə
işıq terapiyası, yuxu məhdudlaşdırılması və digər xronoterapevtik müdaxilələr
mütəxəssis nəzarəti ilə aparılmalıdır. Çünki yuxu və sirkadiyal ritmdə kəskin
dəyişiklik bəzi şəxslərdə əhval epizodlarına təsir göstərə bilər.
Ümumilikdə, mən hesab edirəm ki,
yuxunu depressiyanın sadəcə ikinci dərəcəli əlaməti kimi görmək doğru deyil.
Bəzi insanlarda yuxu və bioloji ritmin pozulması depressiyanın yaranmasında,
davam etməsində və təkrarlanmasında mühüm rol oynaya bilər. Buna görə müalicədə
“insan neçə saat yatır?” sualı qədər “nə vaxt yatır, nə vaxt oyanır, gün
ərzində enerjisi necə dəyişir və bu ritm onun həyatına nə dərəcədə uyğundur?”
sualları da əhəmiyyətlidir.
Psixoloji sağlamlıq üçün yalnız
kifayət qədər yatmaq deyil, orqanizmin ehtiyacına uyğun və nizamlı ritmdə
yatmaq da vacibdir. Depressiya ilə yanaşı davamlı gec yatmaq, həddindən artıq
yuxu, səhərlər ciddi funksional çətinlik və gün ərzində enerji azalması
müşahidə olunursa, həm psixoloji, həm də yuxu–sirkadiyal sisteminin birlikdə
qiymətləndirilməsi daha düzgün yanaşmadır”.
Məhəbbət Tərlanoğlu
14:00 27.11.2026
Oxunuş sayı: 231