Rusiya Cənubi Qafqazda mövqelərini itirə bilər
Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya gözlənilən səfərinin nəticələri Rusiyanın Cənubi Qafqazdakı gələcək mövcudluğuna ciddi təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə məlumat yayıb.
Bunu rusiyalı politoloq Aleksandr Krılov İrəvanda keçirilən dəyirmi masada videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqaz hazırda mühüm dönüş mərhələsindən keçir və regionda baş verən dəyişikliklərin nəticələri yaxın gələcəkdə daha aydın görünəcək.
“Region dönüş dövrünü yaşayır. Bunun nəticələri yaxın gələcəkdə məlum olacaq. Cənubi Qafqaz hazırda həlledici seçim nöqtəsindədir”, – deyə Krılov vurğulayıb.
Politoloq Türkiyənin regionda artan roluna və Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma siyasətinə diqqət çəkib.
O bildirib ki, hər iki amil Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə əhəmiyyətli təsir göstərib.
Krılovun fikrincə, Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması halında Moskvanın regiondakı təsiri daha da zəifləyə, hətta bəzi istiqamətlərdə aradan qalxa bilər.
14:19 27.11.2026
Oxunuş sayı: 43