Bu ölkənin ordusu süni intellektlə qərarvermə sisteminə keçir
Polşa Müdafiə Nazirliyi ABŞ-nin “Palantir Technologies” şirkəti ilə hərbi qərarların qəbulunu dəstəkləyən süni intellekt sisteminin alınmasına dair müqavilə imzalayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Razılaşma noyabrın 27-də Varşavada Polşa Ordusu Muzeyində təşkil edilən mərasim çərçivəsində nəzərdə tutulub. Tədbirdə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamışın iştirakı elan edilib.
Müqavilə “Palantir Technologies Poland” şirkətinin süni intellekt əsaslı qərarverməyə dəstək proqram təminatının Polşa Silahlı Qüvvələrinə təqdim edilməsini əhatə edir.
“Saturn” adlandırılan sistem müxtəlif kəşfiyyat və müşahidə mənbələrindən əldə olunan məlumatların təhlilini sürətləndirmək, hərbi komandirlərin əməliyyat vəziyyətini qiymətləndirməsinə və qərar qəbul etməsinə kömək göstərmək üçün nəzərdə tutulub.
Polşa ilə “Palantir” arasında əməkdaşlığın əsası daha əvvəl informasiya texnologiyaları, kibertəhlükəsizlik və süni intellekt sahələrində əldə olunmuş razılaşmalarla qoyulub.
Müqavilənin maliyyə dəyəri və sistemin tətbiq ediləcəyi hərbi bölmələr barədə ətraflı məlumat açıqlanmayıb.
16:23 27.11.2026
Oxunuş sayı: 39