Azərbaycan və Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş Direktoratlığı beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edib.
Bu barədə
Crossmedia.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bununla bağlı müzakirələr ADY rəhbərliyinin Bakı Beynəlxalq Dəniz Limanında Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş Direktoratlığının nümayəndə heyəti arasında görüşdə aparılıb.
Bildirilib ki, bundan başqa, görüşdə mobillik və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
"ADY sədri Rövşən Rüstəmov Avropa Komissiyasının nümayəndələrinə Azərbaycanın tranzit potensialı, dəmir yolu və liman infrastrukturunun inkişafı üzrə həyata keçirilən layihələr, eləcə də Bakı Limanının fəaliyyəti və yükdaşıma imkanları barədə məlumat verib", - məlumatda qeyd olunub.
Bakı Limanının Orta Dəhliz üzrə yük əməliyyatlarının səmərəli təşkilində, multimodal daşımaların inkişafında və Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının gücləndirilməsində mühüm rolu diqqətə çatdırılıb.
Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş Direktorluğunun rəhbəri Maqda Kopçinska Azərbaycanın regionun nəqliyyat-logistika sistemində strateji mövqeyini qeyd edərək dayanıqlı, təhlükəsiz və səmərəli nəqliyyat bağlantılarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunması istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.
Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin və nəqliyyat sahəsində birgə təşəbbüslərin təşviq edilməsinin əhəmiyyəti vurğulanıb. Gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.