Azad edilmiş ərazilərdə məktəbəqədər təhsil infrastrukturu genişləndirilir
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və inkişafı istiqamətində tədbirlər davam etdirilir.
Nazirlikdən Crossmedia.az-a verilən məlumata görrə, bu çərçivədə Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərə ərazilərində ümumilikdə 15 məktəbəqədər təhsil müəssisəsinin yaradılması və istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan bir neçəsi artıq fəaliyyətə başlayıb, digərlərində isə açılışa hazırlıq işləri aparılır.
İndiyədək Xocavənd şəhərində 1 nömrəli, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində, Sos və Quzeyxırman kəndlərində, Ağdam şəhərində 1 nömrəli, Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndlərində, eləcə də Xankəndi şəhərində 2 nömrəli körpələr evi-uşaq bağçaları istifadəyə verilib.
Xocalı rayonunun Təzəbinə, Daşbulaq və Şuşakənd kəndlərində, Xocavənd rayonunun Xanoba kəndində, Ağdərə rayonunun Vəngli, Həsənriz və Aşağı Oratağ kəndlərində yerləşən körpələr evi-uşaq bağçalarının isə yaxın günlərdə açılışı nəzərdə tutulur.
Yeni müəssisələrin istifadəyə verilməsi azad edilmiş ərazilərdə uşaqların məktəbəqədər təhsilə əlçatanlığının artırılması və onların erkən yaşlardan təlim-tərbiyə prosesinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.
16:32 27.11.2026
Oxunuş sayı: 38