Aİ-nin Rusiya əleyhinə sanksiyaları niyə real effekt vermir? - Səbəb açıqlandı
Avropa İttifaqı (Aİ) Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təzyiqləri artıraraq bu sahə ilə əlaqəli daha 15 təşkilata sanksiya tətbiq edib. Moskvanın Ukrayna müharibəsini davam etdirmək üçün hərbi istehsalını genişləndirdiyi, paralel olaraq alternativ təchizat kanallarından yararlandığı bir şəraitdə bu qərar xüsusi əhəmiyyət daşıyır. Lakin yeni məhdudiyyətlərin Rusiyanın hərbi istehsal imkanlarını nə dərəcədə zəiflədəcəyi və müharibənin gedişinə real təsir göstərib-göstərməyəcəyi sual doğurur. Sanksiyalar Moskvanın hərbi potensialına ciddi zərbə vura biləcəkmi, yoxsa Rusiya mövcud məhdudiyyətləri də əvvəlkilər kimi aşmağın yollarını tapacaq?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Natiq Miri qeyd edib ki, bu gün Rusiyanın hərbi sənaye kompleksi əsasən Ukrayna ilə müharibəni davam etdirmək məqsədilə ordunun ehtiyaclarına xidmət edir: “Strateji silahların istehsalı və bu istiqamətdə bütün proseslərin, eləcə də iqtisadiyyatın müəyyən mənada hərbi relsə keçirilməsi nəticəsində Rusiya hərbi sənaye kompleksində istehsal həcmini dəfələrlə artıra bilib. Hazırda Rusiya bu sahədə nəinki Ukraynanı, hətta Ukraynaya dəstək verən könüllülər koalisiyasına daxil olan ölkələri də üstələyir. Söhbət raketlərin, o cümlədən ballistik və qanadlı raketlərin, reaktiv və digər dronların, eləcə də hava hücumundan və raketdən müdafiə sistemlərinin istehsalından gedir. Bu baxımdan, Aİ-nin tətbiq etdiyi sanksiyalar Rusiyanın hərbi sənaye kompleksində müəyyən məhdudiyyətlər yarada bilər. Lakin bu sanksiyaların nə dərəcədə işlək olması və onların icrasını təmin edəcək ciddi mexanizmlərin mövcudluğu böyük sual doğurur. Çünki Ukraynaya qarşı istifadə edilən reaktiv dronların, ballistik və qanadlı raketlərin araşdırılması zamanı bəzən Aİ ölkələrində istehsal olunan, bu strateji silahların hazırlanmasında mühüm rol oynayan detallar aşkarlanır. Bu isə göstərir ki, müəyyən vasitələrlə Avropadan Rusiyaya, xüsusilə də onun hərbi sənaye kompleksinə radioelektron komponentlər, çiplər və digər vacib detalların ötürülməsi hələ də davam edir”.
Politoloq bildirib ki, beləliklə, bəzi şirkətlərin maliyyə maraqlarını Avropanın təhlükəsizlik maraqlarından üstün tutduğu reallığı ortaya çıxır: “Bu istiqamətdə ciddi problemlər mövcuddur. Ona görə də sanksiyalar Rusiya üçün müəyyən çətinliklər yaratsa da, Moskvanın alternativ imkanları da var. Belə ki, bu gün Çinin istehsal edə bilmədiyi komponentlərin sayı, demək olar ki, çox azdır. Rusiya bir sıra zəruri idxal məhsullarını dərhal Çin və digər dövlətlərdən əldə etməklə əvəzləyə bilir. Lakin müharibəyə təsir göstərmək baxımından əsas məsələ Rusiyanın maliyyə imkanlarının ciddi şəkildə tükəndirilməsidir. İstər qanuni, istərsə də qeyri-qanuni yollarla Rusiyaya daxil olan maliyyə axınlarının məhdudlaşdırılmasına ehtiyac var. Rusiya büdcəsinin əsas gəlir mənbələrindən biri enerji daşıyıcılarıdır. Burada həm qaz, həm də neft mühüm yer tutur. Eyni zamanda, bank sektoru, Rusiyanın əməkdaşlıq etdiyi enerji daşıyıcılarını nəql edən kölgə tanker donanması və qeyri-rəsmi maliyyə-bank sistemləri də xüsusi əhəmiyyət daşıyır. Maraqlıdır ki, mövcud məhdudiyyətlərə baxmayaraq, həm Rusiya, həm də İran qeyri-qanuni kölgə sistemlərindən eyni şəkildə yararlanırlar. Bu mexanizmlərin qarşısını almaq lazımdır. Lakin hələlik Qərb dünyası buna nail ola bilmir. Hazırda diqqət daha çox sanksiyaların sayının artırılmasına yönəlib. Artıq 21-ci və 22-ci sanksiya paketlərindən danışılır. Halbuki sanksiyaların sayını artırmaqdansa, mövcud məhdudiyyətlərin real icrasını təmin edən mexanizmlər yaratmaq və onlara ciddi nəzarət etmək daha vacibdir. Əsas problem də məhz bundadır. Əgər sanksiyalar real şəkildə tətbiq olunsaydı, Rusiya çoxdan ciddi çətinliklərlə üzləşərdi. Bu, həm maliyyə və enerji bazarlarına çıxışın məhdudlaşdırılmasına, həm də strateji silahların istehsalına təsir göstərərdi. Buna görə də hesab edirəm ki, sanksiyalar Rusiyaya müəyyən problemlər yaratsa da, onların Ukraynadakı müharibənin dayandırılmasına birmənalı şəkildə səbəb olacağını söyləmək mümkün deyil. Rusiya artıq uzun müddətdir ki, bu cür maneələri aşmağa uyğunlaşıb. İran da oxşar yolla irəliləyir. İnanın ki, bu gün Rusiya və İran sözügedən istiqamətdə siyasətlərini kifayət qədər rahat şəkildə sinxronlaşdırırlar”.
Ayhan
17:00 27.11.2026
Oxunuş sayı: 49