ABŞ OPEC-i parçalamağa çalışıb - Səudiyyə Ərəbistanı müdaxilə edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela və İraqı Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmağa təşviq edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Vaşinqton 2026-cı il ərzində hər iki ölkəyə OPEC üzvlüyündən imtina etmək imkanını nəzərdən keçirməyi təklif edib.
ABŞ administrasiyası Venesuelanın təşkilata illik üzvlük haqqını ödəməsinə də mane olub.
Məlumata əsasən, Venesuelaya təzyiqlər o həddə çatıb ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman məsələyə müdaxilə etməli olub.
İki mənbənin sözlərinə görə, vəliəhd yay aylarında Tramp administrasiyasını Venesuelaya əlavə təzyiq göstərməməyə razı salıb.
İraqla bağlı da oxşar danışıqlar aparılıb. Vaşinqtonun təşəbbüsü ölkənin neft hasilatı və ixrac siyasətinə təsir göstərə biləcək addım kimi qiymətləndirilib.
Qeyd olunur ki, ABŞ-nin bu təşəbbüsləri neft hasilatının artırılması və enerji bazarında mövcud məhdudiyyətlərin zəiflədilməsi istiqamətində həyata keçirdiyi siyasətlə əlaqələndirilir.
Bununla belə, Venesuela və İraqın OPEC-dən çıxması barədə qərar qəbul edilməyib.
17:29 27.11.2026
Oxunuş sayı: 49