Zara, H&M və digər məşhur brendlər sifarişlərini Banqladeşdən çıxarır
“Zara”, “H&M”, “Marks & Spencer” və “Celio” kimi beynəlxalq geyim brendləri Banqladeşdə işçi etirazları və istehsal xərclərinin artması səbəbindən sifarişlərinin bir hissəsini digər Asiya ölkələrinə, əsasən Hindistana yönəldib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, noyabrın 1–18-də beynəlxalq brendlər Banqladeşdən təxminən 254 milyon dollar dəyərində geyim sifarişini digər ölkələrə köçürüb.
Bu məbləğ həmin brendlərin aylıq sifarişlərinin təxminən 10 faizinə bərabərdir.
Sifarişlərin böyük hissəsi Hindistana yönəldilsə də, Vyetnam, Kamboca və İndoneziya da alternativ istehsal mərkəzləri kimi nəzərdən keçirilir.
Banqladeşdə əməkhaqqının artırılması tələbi ilə keçirilən etirazlar fabriklərin fəaliyyətində fasilələrə səbəb olub.
Banqladeş Geyim İstehsalçıları və İxracatçıları Assosiasiyasının (BGMEA) məlumatına görə, etirazlar nəticəsində istehsalat itkiləri 400 milyon dolları ötüb.
Ölkə hökuməti geyim sənayesi işçilərinin minimum əməkhaqqının 36 faiz artırılmasını təsdiqləsə də, bu qərar etirazçıların tələblərini tam qarşılamayıb.
Qeyd edək ki, Banqladeş Çindən sonra dünyanın ikinci ən böyük geyim ixracatçısıdır. Bu sektor ölkənin ixrac gəlirlərinin 80 faizindən çoxunu təmin edir.
17:46 27.11.2026
Oxunuş sayı: 36