Britaniya ordusu hazır vəziyyətdədir: Rusiya ətrafında "çəmbər daralır"
Böyük Britaniyanın Müdafiə Nazirliyinin müharibə ehtimalına qarşı təxminən 100 min keçmiş hərbi qulluqçu ilə əlaqə saxlaması Avropada təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Soyuq müharibədən sonra ilk dəfə həyata keçirilən bu addım çərçivəsində keçmiş hərbçilərdən şəxsi məlumatlarını və peşə bacarıqlarını yeniləmələri, mümkün hərbi təlimlərdə iştirak etmələri istənilib. London bunu yaxın zamanda müharibənin başlayacağına dair siqnal deyil, dəyişən təhlükəsizlik şəraitində qabaqlayıcı hazırlıq tədbiri kimi təqdim edir.
Bəs Britaniya bu addımla hansı təhlükələrə hazırlaşır? Söhbət yalnız Rusiya ilə mümkün qarşıdurmadan gedir, yoxsa London Avropada daha genişmiqyaslı hərbi böhran ehtimalını da nəzərə alır?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi ekspert Heydər Oğuz qeyd edib ki, son zamanlar Ukrayna ətrafında baş verən bəzi hadisələr Avropanı, xüsusilə də Böyük Britaniyanı ciddi şəkildə narahat edir: “Bu narahatlıq da səbəbsiz deyil. Məlum olduğu kimi, İkinci Dünya müharibəsindən əvvəl Britaniya imperiyası dünyanın ən güclü dövlətlərindən biri idi. Lakin İkinci Dünya müharibəsi zamanı Almaniyanın, xüsusilə də Britaniyanın mövqelərinə ciddi təzyiq göstərməsindən sonra ABŞ müharibəyə müdaxilə etdi və nəticədə müharibə Almaniyanın məğlubiyyəti ilə başa çatdı. Bununla yanaşı, Böyük Britaniya öz imperiya ambisiyalarından və əvvəlki xarici siyasət kursundan geri çəkilməyə, qlobal liderlik mövqeyini müəyyən mənada ABŞ-yə təhvil verməyə məcbur oldu. İndi isə üstündən təxminən 80 il keçdikdən sonra ABŞ Çin və Rusiya ilə müəyyən anlaşmalara gəlməyə, müxtəlif məsələlər üzrə danışıqlar aparmağa çalışır. Bu prosesdə Böyük Britaniya və Avropa İttifaqının kənarda qalması Londonu ciddi şəkildə narahat edir. Buna görə də Böyük Britaniya əvvəlki geosiyasi siyasətinə qayıtmağa çalışır. Məlum olduğu kimi, Britaniyanın tarixən əsas rəqiblərindən biri Rusiya olub. Hələ Birinci Dünya müharibəsindən əvvəl Böyük Britaniya tərəfindən «İntermarium» adlandırılan bir layihə irəli sürülmüşdü. Bu layihənin mahiyyəti Baltik dənizindən Adriatik və Aralıq dənizinə qədər uzanan ərazidə yerləşən dövlətləri bir araya gətirmək, onları vahid siyasi-strateji çərçivədə birləşdirmək və öz təsir dairəsinə salmaqdan ibarət idi. Lakin İkinci Dünya müharibəsindən sonra bu plan öz əvvəlki formasında həyata keçirilə bilmədi. Həmin müharibədə məğlub olan təkcə Almaniya deyildi. Böyük Britaniya da öz geosiyasi planlarını tam şəkildə reallaşdıra bilmədi. Bu layihədə Polşa xüsusi yer tuturdu. Britaniya Polşanın hərbi və insan resurslarından istifadə etməklə Şərqi Avropa dövlətlərini, o cümlədən indiki Şərqi Avropa ölkələrini öz ətrafında birləşdirmək və onları təsir dairəsinə daxil etmək istəyirdi. Əslində, bu gün də oxşar siyasətin həyata keçirildiyini müşahidə edirik. 2017-ci ildə «Üç dəniz» təşəbbüsü adlanan layihə gündəmə gətirildi. Bu təşəbbüs də Baltik dənizindən başlayaraq Adriatik və Aralıq dənizinə qədər uzanan coğrafiyada yerləşən dövlətləri bir araya gətirməyi nəzərdə tuturdu. Layihə çərçivəsində Avropa İttifaqının 12 üzv dövlətindən söhbət gedirdi. Həmin ölkələrin əksəriyyəti vaxtilə Sovet İttifaqının təsir dairəsində olub. Bu dövlətləri bir araya gətirməklə Rusiyaya qarşı müəyyən blok yaratmaq və onunla Avropa arasında bufer zona formalaşdırmaq məqsədi güdülür”.
Ekspert qeyd edib ki, bu siyasəti Almaniya və Fransa da birmənalı şəkildə dəstəkləmir: “Lakin Böyük Britaniyanın Avropada mövqelərini yenidən gücləndirmək və əvvəlki geosiyasi təsir imkanlarını bərpa etmək istəyini nəzərə alsaq, onun üçün «Üç dəniz» təşəbbüsü mühüm vasitəyə çevrilə bilər. Çünki London Avropaya yenidən qayıtmaq və özünün geosiyasi ambisiyalarını reallaşdırmaq istəyirsə, bu istiqamətdə fəal siyasət yürütməlidir. Belə bir siyasət isə istər-istəməz Rusiya ilə qarşıdurmanı dərinləşdirir. Artıq tərəflər də bunu gizlətmirlər.
Rusiya da Ukraynada baş verən hadisələrin arxasında Böyük Britaniyanın, xüsusilə də onun dayandığını açıq şəkildə bəyan edir. Moskva Fransa və Almaniyanın da adını çəksə də, əsas hədəf kimi daha çox Britaniyanı göstərir. Hətta Rusiyadan Böyük Britaniyaya qarşı nüvə silahından istifadə ilə bağlı təhdidlər də səsləndirilib. Belə açıqlamalarda Rusiyanın atom sualtı qayıqlarından buraxılacaq raketlərlə Böyük Britaniyanı su altında qoya biləcəyi iddia olunub. Bütün bunlar göstərir ki, Böyük Britaniya artıq Rusiya ilə münasibətlərdə qarşıdurmanın daha da dərinləşə biləcəyini və hətta hərbi toqquşma ehtimalının mövcud olduğunu nəzərə alır. Buna görə də öz hərbi qüvvələrini səfərbər etməyə və ordu quruculuğuna yenidən xüsusi diqqət ayırmağa çalışır. Əvvəllər Böyük Britaniya və digər Avropa dövlətləri kifayət qədər güclü ordulara malik idilər. Lakin bu gün həmin ordular əvvəlki gücündə deyil. ABŞ-nin təhlükəsizlik çətiri altına daxil olduqdan sonra Avropa dövlətləri, o cümlədən Böyük Britaniya müəyyən mənada rifah və təhlükəsizlik mühitinə uyğunlaşaraq ordu quruculuğuna əvvəlki səviyyədə diqqət ayırmadılar. İndi isə yenidən hərbi potensialın artırılmasına ehtiyac duyurlar. Bu proses təkcə Böyük Britaniyada deyil, Almaniya və Fransada da müşahidə olunur. Ancaq hesab edirəm ki, bu istiqamətdə əsas yük daha çox Böyük Britaniya və Almaniyanın üzərinə düşəcək. Fransa da proseslərdə iştirak edir, lakin müəyyən səbəblərdən daha ehtiyatlı mövqe nümayiş etdirir və bu siyasətə o qədər də fəal şəkildə qoşulmur”.
H.Oğuz bildirib ki, Böyük Britaniya özünün təhlükəsizlik strategiyasında və hərbi doktrinasında Rusiyanı əsas təhdidlərdən biri kimi müəyyənləşdirib: “ABŞ isə öz təhlükəsizlik strategiyasında əsas rəqib kimi Çini görür. Beləliklə, hər iki dövlətin təhlükəsizlik prioritetləri fərqlənir və bu fərqlər onların beynəlxalq siyasətinə də təsir göstərir. Əslində, burada əsas məsələ Avropada geosiyasi təsir uğrunda rəqabətdir. Rusiyanın Avropanın bütün ərazisinə sahib olmaq kimi bir iddiası yoxdur. Lakin Moskvanın NATO-nun 1997-ci il sərhədlərinə qayıtması ilə bağlı tələbi var. Bu tələbin mahiyyəti ondan ibarətdir ki, NATO 1997-ci ildən sonra alyansa üzv olmuş Şərqi Avropa dövlətlərindəki hərbi mövcudluğunu və təsir imkanlarını məhdudlaşdırsın. Bu isə Almaniyadan başlayaraq Mərkəzi və Şərqi Avropanın bir sıra ölkələrini əhatə edən geniş coğrafiyaya aiddir. Macarıstan, Çexiya, Slovakiya və digər dövlətlər 1997-ci ilə qədər NATO-nun üzvü deyildilər. İndi Rusiya həmin ölkələrin NATO üzvlüyü ilə bağlı mövcud vəziyyətin dəyişdirilməsini və onların ərazisində alyansın hərbi mövcudluğunun məhdudlaşdırılmasını istəyir. Bu isə təbii ki, Böyük Britaniyanın geosiyasi maraqlarına uyğun gəlmir. Bütün bunlara görə Rusiya ilə Böyük Britaniya arasında ciddi hərbi qarşıdurma ehtimalı mövcuddur. London belə bir ssenariyə hazırlaşmağın vacibliyini anlayır. Lakin Böyük Britaniyanın planlaşdırdığı 100 min nəfərlik hərbi qüvvə Rusiya ilə mümkün müharibə üçün kifayət qədər məhdud resursdur. Rusiya kimi böyük hərbi potensiala malik dövlətlə qarşıdurmada 100 min əsgər azdır. Böyük Britaniya, görünür, bu məsələdə Polşanın, Avstriyanın və «Üç dəniz» təşəbbüsündə iştirak edən digər dövlətlərin dəstəyinə ümid edir. Yunanıstan da həmin təşəbbüs çərçivəsində təmsil olunur. Bundan başqa, Türkiyə də bu coğrafiyada mühüm strateji tərəfdaş kimi nəzərdən keçirilir. 2024-cü ildə Vilnüsdə keçirilən görüşdə Türkiyənin də həmin dövlətlərlə strateji əməkdaşlıq məsələsində müəyyən razılaşmalar əldə etdiyi bildirilirdi. Strateji tərəfdaşlıq isə belə bir qarşıdurma yaranacağı təqdirdə Türkiyənin də proseslərdə iştirakının mümkünlüyü baxımından əhəmiyyət daşıyır. Beləliklə, Şərqi Avropa dövlətləri, Türkiyə, Skandinaviya və digər Avropa ölkələrinin də daxil olduğu geniş bir siyasi-hərbi əməkdaşlıq şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur. Böyük Britaniya bu dövlətləri öz ətrafında birləşdirərək Rusiyaya qarşı vahid müqavimət mexanizmi yaratmağa çalışır. Hesab edirəm ki, bu istiqamətdə müharibə ehtimalı hər zaman mövcuddur. Böyük Britaniyanın 100 min nəfərlik ordu planı da yalnız öz hərbi qüvvələri ilə məhdudlaşmaya, mümkün qarşıdurmada müttəfiqlərinin hərbi potensialına arxalanmaq məqsədi daşıya bilər. Çünki 100 min nəfərlik qüvvə Rusiyaya qarşı genişmiqyaslı müharibə aparmaq üçün kifayət etmir. Əgər London sadalanan dövlətləri öz ətrafında birləşdirə bilsə, Rusiyaya qarşı daha böyük hərbi-siyasi potensial formalaşdıra bilər. Görünür, Böyük Britaniyanın əsas planlarından biri də məhz budur”.
Ayhan
18:45 27.11.2026
Oxunuş sayı: 52