Azərbaycanın nəqliyyat-logistika imkanları güclənir - Deputat
XXI əsrdə nəqliyyat və logistika əlaqələri dövlətlərin iqtisadi inkişafında və beynəlxalq mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynayır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, mövcud nəqliyyat infrastrukturu və tranzit potensialı ölkəmizi Avropa ilə Asiya arasında mühüm bağlantı mərkəzlərindən birinə çevirir. Bu baxımdan Avropa İttifaqı ilə nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Noyabrın 26-da Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı arasında üçüncü Yüksək Səviyyəli Nəqliyyat Dialoqunda Bakı limanının, Naxçıvan dəmir yolu bağlantısının və Zəngəzur dəhlizinin Avropa nəqliyyat şəbəkəsinə inteqrasiyası, eləcə də nəqliyyatın rəqəmsallaşdırılması məsələləri müzakirə olunub. Bu əməkdaşlığın Azərbaycanın tranzit imkanlarına, Orta Dəhlizin inkişafına və regionun nəqliyyat xəritəsinə mümkün təsirlərini necə qiymətləndirmək olar? Gələcəkdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının hansı yeni perspektivləri gözlənilir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, XXI əsrdə dövlətlərin strateji əhəmiyyəti təkcə malik olduqları təbii sərvətlərlə deyil, həm də yaratdıqları nəqliyyat, logistika və iqtisadi bağlantılarla ölçülür: “Azərbaycan da yeni geoiqtisadi reallıqlar fonunda mühüm aktorlardan birinə çevrilməkdədir. Bu gün Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsi təkcə iqtisadi maraqlarımıza xidmət etmir, eyni zamanda ölkəmizin beynəlxalq müstəvidə geoiqtisadi və geosiyasi mövqelərinin möhkəmləndirilməsi baxımından da böyük aktuallıq kəsb edir. Dövlətimizin əsas hədəflərindən biri Azərbaycanın yalnız tranzit ölkə kimi deyil, həm də ərazisindən daşınan yüklərin emal edildiyi, çeşidləndiyi, saxlanıldığı və yenidən bölüşdürüldüyü regional logistika mərkəzinə çevrilməsidir. Qeyd etmək lazımdır ki, bu istiqamətdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq dinamik xarakter daşıyır. Belə ki, 2026-cı il yanvarın 29-da Avropa İttifaqı ilə Azərbaycan arasında Qlobal Gateway təşəbbüsü çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Naxçıvan dəmir yolu layihəsinin inşası ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə texniki-iqtisadi əsaslandırma işlərinə başlanması nəzərdə tutulub. Əsas hədəflərdən biri isə bu marşrut vasitəsilə Avropa ilə Mərkəzi Asiya arasındakı tranzit müddətinin 15 günə çatdırılmasıdır”.
Deputat qeyd edib ki, bundan əlavə, noyabrın 26-da Bakıda Azərbaycan-Avropa İttifaqı arasında üçüncü Yüksək Səviyyəli Nəqliyyat Dialoqu keçirilib: “Görüşdə Bakı limanının, Naxçıvan dəmir yolunun və Bakı limanı-Naxçıvan dəmir yolu bağlantısının Avropa və Trans-Avropa nəqliyyat şəbəkələrinə mümkün inteqrasiyası, eləcə də aviasiya və nəqliyyatın rəqəmsallaşdırılması məsələləri ətrafında geniş müzakirələr aparılıb. Həmçinin Zəngəzur dəhlizinin Avropa və Trans-Avropa nəqliyyat şəbəkələrinə daxil edilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın həyata keçirdiyi, xüsusilə Avropa istiqamətində yürüdülən siyasət ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edir. Avropa İttifaqının Orta Dəhlizə artan marağı da təsadüfi deyil. Son dövrlərdə dünyada baş verən ciddi geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda bu marşrutun əhəmiyyəti daha da yüksəlib. Çindən Mərkəzi Asiyaya, oradan Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra Ələt Beynəlxalq Dəniz Limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyəyə və nəticə etibarilə Avropa bazarlarına uzanan Orta Dəhliz həm məsafə və vaxta qənaət, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Bu marşrut Avropa üçün alternativ nəqliyyat və ticarət imkanları yaradır. Rusiya-Ukrayna müharibəsi Şimal marşrutunun Avropa üçün əhəmiyyətini əhəmiyyətli dərəcədə azaldıb. Mövcud reallıqlar fonunda Orta Dəhlizə inam və etimad daha da artıb. Azərbaycanın mövcud liman, hava nəqliyyatı və yükdaşıma potensialı isə bu prosesdə ölkəmizin rolunu gücləndirən əsas amillərdəndir. Belə ki, Ələt Beynəlxalq Dəniz Limanının illik yükdaşıma qabiliyyəti 15 milyon tonu ötüb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin daşıma imkanları isə 5 milyon tondan artıqdır. Ölkəmizin dəmir yolu infrastrukturu və digər nəqliyyat imkanları da Azərbaycanın regional logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm üstünlüklər yaradır. Hesab edirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında bu istiqamətdə aparılan danışıqlar, həyata keçirilən layihələr və əldə olunan razılaşmalar ölkəmizin nəqliyyat-logistika potensialının daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və gələcəyə nikbin baxmaq üçün ciddi əsaslar yaradır”.
Ayhan
19:00 27.11.2026
Oxunuş sayı: 38