Siyasi labirint: Rusiya-Ukrayna müharibəsi bu il də bitməyəcək
ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putini hərbi əməliyyatları dayandırmağa çağırması Rusiya-Ukrayna müharibəsinin gələcək taleyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Lakin Moskvanın indiyədək nümayiş etdirdiyi mövqe və tərəflər arasında həllini tapmayan ziddiyyətlər bu çağırışın nəticəsi ilə bağlı suallar yaradır.
Trampın Putinə ünvanladığı çağırışın Moskvanın mövqeyinə təsir edib-etməyəcəyi və tərəflərin danışıqlar masasına qayıtmaq ehtimalı əsas müzakirə mövzularındandır. Xüsusilə, 2027-ci ilə münaqişənin başa çatması ilə daxil olmaq ehtimalı və sülh razılaşmasının hansı şərtlər əsasında əldə edilə biləcəyi diqqət çəkir. Bəs Putin bu dəfə Vaşinqtonun çağırışına müsbət cavab verəcəkmi? 2027-ci ildə Rusiya-Ukrayna müharibəsinin başa çatmasının şahidi ola bilərikmi?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən professor, siyasi elmlər doktoru Sabir Məmmədli qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin yaxın gələcəkdə dayandırılacağına və ya başa çatacağına dair hər hansı ciddi əlamət yoxdur: “Məsələn, Kreml rəhbəri Vladimir Putin Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşündə açıq şəkildə bildirmişdi ki, Donbasın qalan əraziləri üzərində nəzarəti ələ keçirməyənə qədər Rusiya üçün müharibə başa çatmayacaq. Bu isə Ukrayna üçün qəbuledilməz şərtdir. Putinin digər açıqlamaları da göstərir ki, onun geri addım atmaq niyyəti yoxdur. ABŞ Prezidenti Donald Trampın bir-birinə zidd açıqlamaları isə ABŞ-nin və Dövlət Departamentinin ardıcıl siyasət yürütmədiyini göstərir. Bəzən Avropa ölkələri ilə münasibətlərdə müəyyən addımlar atmağa çalışır, eyni zamanda müxtəlif çıxışlarında Putinə dəstəyini ifadə edir. Əlbəttə, 2027-ci il üçün, yəni bütöv bir il ərzində baş verə biləcək hadisələrlə bağlı proqnoz vermək kifayət qədər çətindir. Çünki proseslərin gedişatı dəyişə bilər. Məsələn, Ukraynanın Krım körpüsünə zərbə endirməsi və onun bir hissəsinə ziyan vurması Rusiyanın logistika məsələsində vəziyyətini xeyli çətinləşdirir. Belə ki, Donbasın quru ərazisindən Krıma uzanan nəqliyyat marşrutu da Ukrayna hərbi qüvvələrinin davamlı zərbələri altındadır. Eyni zamanda, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olması və orada müəyyən yaşayış məntəqəsini ələ keçirməsi ilə bağlı məlumatlar yayılmışdı. Ukrayna rəhbərliyinin, o cümlədən Prezident Volodimir Zelenskinin və onun ətrafındakı dövlət rəsmilərinin açıqlamaları da göstərir ki, Kiyev Rusiyanın irəli sürdüyü şərtlərlə razılaşmaq niyyətində deyil”.
Sabir Məmmədli qeyd edib ki, Avropa ölkələrinin liderləri də Ukraynaya dəstəyi davam etdirməkdə qətiyyətli görünürlər: “Nəzərə almaq lazımdır ki, Avropa dövlətlərinin öz daxilində müəyyən problemlər olsa da, Ukraynaya maliyyə yardımı, hərbi texnika, silah-sursat və digər zəruri ləvazimatların göndərilməsi davam edir. Bu istiqamətdə xüsusilə Almaniyanın dəstəyi diqqət çəkir. Dünən yayılan məlumata görə, Danimarka, Norveç və Niderlandın maliyyə dəstəyi ilə ABŞ-dən Ukrayna üçün F-16 qırıcılarının ehtiyat hissələrinin və texniki təminatının alınmasına 500 milyon dollardan artıq vəsait ayrılır. Bu məlumat da göstərir ki, Avropa ölkələri Rusiyaya qarşı təzyiqləri azaltmaq və Ukraynaya dəstəyi dayandırmaq niyyətində deyillər. Bütün bunları nəzərə alaraq düşünürəm ki, yaxın aylarda Rusiya-Ukrayna müharibəsinin başa çatması real görünmür. Təəssüf ki, bu prosesdə ABŞ də Rusiyanı dayandırmaq və Moskvanı öz iddialarından geri çəkilməyə məcbur etmək istiqamətində birmənalı mövqe nümayiş etdirmir. Məsələn, Trampın xüsusi nümayəndəsi Cared Kuşner dünənki açıqlamasında Putini dünya siyasətinin böyük nümayəndələrindən biri, əsl siyasi qrossmeyster kimi xarakterizə edib. Halbuki, əgər Putin, həqiqətən, belə böyük siyasi xadimdirsə, Rusiyanı indiki kimi ağır problemlərlə üz-üzə qoymazdı. Hesab edirəm ki, Kuşnerin bu açıqlaması da ABŞ rəhbərliyinin məsələyə yanaşmasının heç də düzgün istiqamətdə olmadığını göstərir”.
Ayhan
18:20 27.11.2026
Oxunuş sayı: 43