Ukrayna Rusiyanın 3 min kilometr dərinliyinə zərbələr endirib
Ukrayna Rusiya ərazisinə uzaqmənzilli hücumlarını artıraraq 3 min kilometrdən uzaqdakı obyektləri hədəfə almağa başlayıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Silahlı Münaqişələrin Yerləşməsi və Hadisələrə dair Məlumatlar Layihəsinin (ACLED) məlumatlarına əsasən, Ukrayna yanvarın 1-dən noyabrın 20-dək 500 kilometrdən uzaqda yerləşən Rusiya hədəflərinə təxminən 500 hücum həyata keçirib.
Bu göstərici müharibənin ilk dörd ilində eyni məsafədəki hədəflərə edilən hücumların ümumi sayını ötüb.
Kiyev sentyabrda Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsindəki qaz emalı müəssisələrinə zərbələr endirdiyini açıqlayıb. Ukrayna tərəfinin iddiasına görə, pilotsuz uçuş aparatları hədəflərə çatmaq üçün 3 min kilometrdən çox məsafə qət edib.
Noyabrda isə Omsk vilayətindəki neft emalı zavodunun 2 500 kilometr məsafədən vurulduğu bildirilib.
Ukrayna hücumlarını Rusiya sərhədlərindən kənarda da genişləndirib. Noyabrın 22-də Liviyanın Benqazi şəhərində Rusiya hərbi gəmisi və Malta bayraqlı ticarət gəmisi pilotsuz dəniz aparatları ilə hədəfə alınıb.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumların görüntülərini paylaşaraq əməliyyatların Kiyev tərəfindən həyata keçirildiyini təsdiqləyib.
Bundan başqa, Ukrayna Finlandiya körfəzinin beynəlxalq sularında Rusiyaya məxsus “MV Sparta 2” yük gəmisinə də hücum etdiyini açıqlayıb.
Hücumların coğrafiyasının genişlənməsi Rusiya-Ukrayna müharibəsinin üçüncü ölkələrin ərazilərinə və beynəlxalq sulara təsiri ilə bağlı narahatlıqları artırıb.
17:58 27.11.2026
Oxunuş sayı: 38