Rusiya raketlərini məhv edən qırıcılar – Zelenski Fransadan daha çox istəyir
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya raketləri və pilotsuz uçuş aparatlarına qarşı istifadə olunan Fransanın “Mirage 2000” qırıcılarının sayını artırmaq istəyir.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransanın “20 Minutes” nəşrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukrayna pilotları “Mirage 2000-5F” qırıcılarını etibarlılığı, manevr qabiliyyəti və texniki xidmətin nisbətən sadə olması səbəbindən yüksək qiymətləndirirlər.
Fransanın 1999-cu ildə silahlanmaya qəbul etdiyi bu təyyarələr modernləşdirilmiş dördüncü nəsil qırıcılardır. Onlar 18 kilometrədək yüksəklikdə döyüş tapşırıqları yerinə yetirə bilirlər.
Məlumata görə, Fransa 2025-ci ilin fevralında Ukraynaya ilk dörd “Mirage 2000-5F” təyyarəsini təhvil verib. Onlardan biri həmin ilin iyulunda texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Ukrayna Müdafiə Nazirliyi noyabrın 17-də ilin sonunadək daha iki belə qırıcının ölkəyə çatdırılacağını açıqlayıb.
Zelenski isə əlavə 40 ədəd F-16 və Avropada mövcud olan bütün “Mirage 2000” qırıcılarını əldə etmək istədiyini bildirib.
Hərbi ekspertlərin sözlərinə görə, Ukraynada bu təyyarələr əsasən hava hücumundan müdafiə məqsədilə istifadə olunur. Onlar Rusiyanın qanadlı raketlərini, həmçinin “Şahed”, “Geran” və “Gerbera” tipli dronlarını zərərsizləşdirə bilirlər.
Aviasiya eksperti Ksavye Titelman bildirib ki, ukraynalı pilotlar bəzi dronların məhv edilməsində qırıcıların 30 millimetrlik toplarından da istifadə edirlər.
Bu üsul qiyməti 500 min avrodan 1 milyon avroyadək çata bilən raketlərin istifadəsi ilə müqayisədə daha ucuz başa gəlir.
Lakin ekspertlər dronların yaxın məsafədən vurulmasının təyyarələr üçün ciddi təhlükə yaratdığını vurğulayırlar. Partlayış zamanı yaranan qəlpələr qırıcıya zərər verə bilər.
Fransanın Ukraynaya daha çox təyyarə verməsi isə öz hərbi ehtiyacları ilə məhdudlaşır. Yunanıstandakı “Mirage 2000” modellərinin fərqli olması da Ukrayna pilotları və texniki heyəti üçün əlavə hazırlıq tələb edə bilər.
16:13 28.11.2026
Oxunuş sayı: 44