Kuşner: Putin siyasətin böyük ustasıdır
ABŞ Prezidenti Donald Trampın kürəkəni və beynəlxalq danışıqlarda iştirak edən Cared Kuşner Rusiya Prezidenti Vladimir Putini yüksək qiymətləndirərək onu siyasətin böyük ustası və tarixi şəxsiyyət adlandırıb.
Crossmedia.az xəbər verir ki, “The Guardian” qəzeti bu barədə məlumat yayıb.
Jurnalist Kuşnerin “Axel Springer” media şirkətinin rəhbəri Matias Döpfnerə verdiyi 70 dəqiqəlik müsahibəni təhlil edərək onun Rusiya-Ukrayna müharibəsinə yanaşmasının Moskvanın mövqeyinə yaxın olduğunu bildirib.
Vinturun fikrincə, Kuşner müharibəni təcavüzkarla zərərçəkən arasında qarşıdurmadan daha çox, qarşılıqlı anlaşılmazlıqlar və kommunikasiya səhvlərinin nəticəsi kimi qiymətləndirir.
Kuşner Putin haqqında danışarkən onu “siyasətin böyük ustası” və “tarixi şəxsiyyət” adlandırıb. O, Rusiya liderinin indiyədək təmkin nümayiş etdirdiyini və nüvə silahından istifadə etməyəcəyinə dair ABŞ tərəfini əmin etdiyini də söyləyib.
Ukraynanın ərazi bütövlüyü məsələsinə toxunan Kuşner Avropada sərhədlərin tarixən müharibələr, sülh razılaşmaları və qarşılıqlı güzəştlər nəticəsində dəyişdiyini bildirib. Onun sözlərinə görə, əsas məqsəd kimin haqlı olduğunu müəyyənləşdirmək deyil, insan ölümlərini dayandırmaqdır.
Kuşner Avropanın Ukraynaya hərbi yardımını Rusiyaya qarşı “vasitəçi müharibəsi” kimi xarakterizə edib.
O, münaqişənin həlli üçün Rusiya-NATO Şurasının fəaliyyətinin bərpasını və Ukraynanın Avropa İttifaqına inteqrasiyasını təklif edib. Kuşnerin yanaşmasına əsasən, Kiyevə NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verilə bilər.
Lakin Vinturun yazdığına görə, bu təkliflər indiyədək nə Kiyev, nə də Moskva tərəfindən qəbul edilib. Avropa ölkələri də plana ehtiyatla yanaşırlar.
“The Guardian”ın redaktoru hesab edir ki, Kuşnerin hər iki tərəfi anlamağa çalışması onun Rusiyanın mövqeyinə həddindən artıq güzəştli yanaşmasına səbəb olur.
13:31 28.11.2026
Oxunuş sayı: 61