Ukraynanın Liviyadakı hücumu İtaliya ilə münasibətləri soyudub
Ukraynanın Liviyanın Benqazi limanında Rusiya gəmilərinə hücumu İtaliya ilə Ukrayna arasında diplomatik gərginliyə səbəb olub.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə məlumat yayıb.
Agentliyin danışıqların məzmunundan xəbərdar olan mənbəyə istinadən verdiyi məlumata görə, İtaliyanın Baş naziri Corca Meloni ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında noyabrın 27-də keçirilən telefon danışığı gərgin keçib.
Buna səbəb Kiyevin Liviyadakı hərbi əməliyyatı əvvəlcədən müttəfiqləri ilə razılaşdırmaması və İtaliyanı hücum barədə xəbərdar etməməsi olub.
Mənbə bildirib ki, hadisə əvvəllər yaxın münasibətlərə malik Roma və Kiyev arasında soyuqluq yaradıb.
İtaliya hökuməti Ukraynanın əməliyyatının Liviyanın suverenliyini pozduğunu və Rusiya-Ukrayna müharibəsinin Aralıq dənizi regionuna yayılması riskini artırdığını bəyan edib.
Zelenski isə Meloni ilə söhbətindən sonra əməliyyatın Avropa tərəfdaşları ilə əvvəlcədən razılaşdırılmadığını təsdiqləyib.
Bununla belə, İtaliya tərəfi Ukraynaya dəstəyini davam etdirəcəyini, lakin regionun təhlükəsizliyini riskə atan addımları qəbul etmədiyini bildirib.
11:03 28.11.2026
Oxunuş sayı: 77