Ermənistan Rusiya qazından imtina edə bilərmi?
Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya siyasəti fonunda Rusiyadan idxal etdiyi təbii qazın qiymətinin artırılması ehtimalı yenidən gündəmə gəlib.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə araşdırma yayıb.
Nəşrin məlumatına görə, Ermənistan hakimiyyəti Rusiya qazına alternativ kimi İran və Azərbaycandan mümkün tədarük variantlarını nəzərdən keçirsə də, mövcud infrastruktur və enerji tələbatı bu imkanları məhdudlaşdırır.
Bildirilir ki, İran hazırkı mərhələdə boru kəmərinin imkanlarına görə Ermənistana gündəlik maksimum 2 milyon kubmetr qaz nəql edə bilər. Halbuki ölkənin soyuq aylarda gündəlik tələbatı 11–15 milyon kubmetrə çatır.
Bu isə İran qazının mövcud şərtlər daxilində Rusiya tədarükünü tam əvəz etməsinin çətin olduğunu göstərir.
Bundan başqa, İranın enerji ixracına tətbiq olunan Qərb sanksiyaları, eləcə də mövcud qaz mübadiləsi mexanizmi alternativ tədarükün genişləndirilməsi qarşısında əlavə maneələr yaradır.
Azərbaycan qazının Ermənistana ixracı ehtimalı da müzakirə olunur. Lakin bu istiqamətdə genişmiqyaslı tədarükün həyata keçirilməsi üçün müvafiq kommersiya razılaşmaları və infrastruktur məsələlərinin həlli tələb olunur.
Qeyd edək ki, Ermənistan hazırda təbii qazın əsas hissəsini Rusiyadan alır. İran qazı isə elektrik enerjisi müqabilində həyata keçirilən mübadilə proqramı çərçivəsində ölkəyə çatdırılır.
09:37 28.11.2026
Oxunuş sayı: 92