“Sülh körpüsü”ndən institusional əməkdaşlığa: Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri və “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən müzakirələr Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində yeni yanaşmanın formalaşdığını göstərir. Xüsusilə vətəndaş cəmiyyəti nümayəndələrinin birbaşa dialoqunun genişləndirilməsi, altı tematik komitənin yaradılması və Ermənistan rəsmiləri ilə təmasların qurulması sülh gündəliyinin yalnız siyasi-diplomatik müstəvidə deyil, ictimai və institusional səviyyədə də inkişaf etdirilməsinə xidmət edir.
Noyabrın 26-27-də Ermənistanın Dilican şəhərində “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən beşinci ikitərəfli dəyirmi masa bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Tədbirdə hər iki ölkədən təxminən 60 vətəndaş cəmiyyəti, media, analitik və ekspert dairələrinin nümayəndəsi iştirak edib. Müzakirələrin əsas istiqamətini 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar əsasında sülh prosesinin möhkəmləndirilməsi, iki cəmiyyət arasında etimadın artırılması və gələcək əməkdaşlıq imkanlarının araşdırılması təşkil edib.
Altı komitə – dialoqun yeni institusional formatı
Görüşün diqqətçəkən yeniliklərindən biri müzakirələrin altı tematik komitə üzrə təşkili olub. İqtisadiyyat və infrastruktur, humanitar və sosial məsələlər, ekologiya, media, təhsil, ictimai narrativlər və gənclərlə iş, eləcə də siyasi və geosiyasi məsələlər üzrə fəaliyyət göstərən komitələr əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirmək məqsədi daşıyır.
Bu formatın əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan-Ermənistan münasibətlərində dialoq artıq ümumi siyasi bəyanatlarla məhdudlaşmır. Tərəflər konkret problemləri ayrı-ayrı istiqamətlər üzrə müzakirə etmək, mümkün həll yollarını araşdırmaq və hökumətlərə təqdim edilə biləcək təkliflər hazırlamaq imkanı əldə edirlər.
Məsələn, iqtisadiyyat və infrastruktur komitəsinin fəaliyyəti gələcəkdə regional ticarət əlaqələrinin, nəqliyyat kommunikasiyalarının və iqtisadi əməkdaşlığın inkişafı üçün zəmin yarada bilər. Humanitar və sosial məsələlər üzrə dialoq isə uzun illər davam edən qarşıdurmanın cəmiyyətlərdə yaratdığı stereotiplərin və qarşılıqlı inamsızlığın aradan qaldırılması baxımından əhəmiyyətlidir.
Media və ictimai narrativlər istiqaməti də xüsusi diqqətə layiqdir. Çünki Azərbaycan-Ermənistan münasibətlərində informasiya mühiti yalnız hadisələrin işıqlandırılması ilə məhdudlaşmır, eyni zamanda ictimai rəyin formalaşmasına təsir göstərir. Qarşılıqlı məlumat mübadiləsinin, peşəkar ünsiyyətin və faktlara əsaslanan yanaşmanın genişləndirilməsi sülh prosesinin ictimai dayaqlarını gücləndirə bilər.
Beləliklə, altı komitənin yaradılması təşəbbüsün fəaliyyətində təşkilati yenilik olmaqla yanaşı, dialoqun daha sistemli və nəticəyönümlü mərhələyə keçmək niyyətini də ifadə edir.
Müşahidəçi
09:10 28.11.2026
Oxunuş sayı: 383
Siyasətin pərdəarxası
Rubrika Crossmedia.az Analitik İnformasiya Portalının "Yaradıcı layihələr" departamentinə daxildir.