NASA kosmosda bitki yetişdirmə sistemini sınaqdan keçirəcək
NASA kosmosda bitki yetişdirilməsi üçün nəzərdə tutulan yeni sistemin sınaqlarına hazırlaşır. Təcrübənin gələcəkdə Ay və Mars missiyalarında astronavtların qida təminatının təşkilinə kömək edəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə NASA-nın rəsmi saytında məlumat verilib.
Məlumata görə, noyabrın 29-da Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi planlaşdırılan NG-25 yük missiyası çərçivəsində Ohalo III adlı bitki yetişdirmə sistemi də kosmosa çatdırılacaq.
Təcrübənin əsas məqsədi mikroqravitasiya şəraitində bitkilərin yetişdirilməsi, suyun çatdırılması və resurslardan daha səmərəli istifadə imkanlarını araşdırmaqdır.
NASA hesab edir ki, bu texnologiya gələcəkdə uzunmüddətli kosmik missiyalarda astronavtlar üçün davamlı və etibarlı qida mənbəyinin yaradılmasına kömək edə bilər.
Missiya çərçivəsində daha bir elmi təcrübə də həyata keçiriləcək. Belə ki, laboratoriyada yetişdirilmiş insan beyin toxuması modellərinin saxlanılması üçün nəzərdə tutulan maye idarəetmə sistemi sınaqdan keçiriləcək.
Tədqiqatın nəticələrinin həm kosmosda insan sağlamlığının qorunması, həm də Yer üzündə nevroloji xəstəliklərin öyrənilməsi baxımından əhəmiyyətli olacağı gözlənilir.
05:08 28.11.2026
Oxunuş sayı: 63