Rusiyada daha bir təşkilatın fəaliyyəti qadağan edilib
Rusiya Federal Təhlükəsizlik Xidməti Batalkhadji Belxoroyevin tərəfdarlarından ibarət “Batalxacinlər” icmasını terrorçu təşkilatlar siyahısına daxil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.press” məlumat yayıb.
Bildirilib ki, “Batalkhadji Belxoroyevin tərəfdarları icması – Batalxacinlər” təşkilatı Rusiyada terrorçu kimi tanınan Batalkhadji Belxoroyevin davamçılarını birləşdirir.
Məlumata görə, oktyabrın 14-də Rusiya Ali Məhkəməsi təşkilatı terrorçu elan edərək ölkə ərazisində fəaliyyətini qadağan edib. Bundan sonra təşkilat FTX-nin dərc etdiyi terrorçu təşkilatların vahid federal siyahısına daxil edilib.
FTX-nin iddiasına görə, təşkilat bir sıra ağır cinayətlərlə əlaqəlidir. Xüsusi xidmət orqanı onun üzvlərinin 2024-cü ildə “Crocus City Hall” konsert zalına hücum edən terrorçuları avtomat silah və döyüş sursatı ilə təmin etdiyini iddia edir.
Bundan başqa, qurum təşkilatın Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun qətlində Ukrayna xüsusi xidmət orqanlarına kömək etdiyini bildirir.
FTX-nin məlumatında “Batalxacinlər” 2009-cu ildə “Nevski ekspress” qatarının partladılması və 2004-cü ildə İnquşetiyada dövlət orqanlarına hücumlarla da əlaqələndirilir.
Qeyd edək ki, 2009-cu ildə “Nevski ekspress” qatarında törədilən partlayış nəticəsində 27 nəfər həlak olub. 2004-cü ildə İnquşetiyada baş verən hücumlar zamanı isə 78 nəfər həyatını itirib.
22:58 27.11.2026
Oxunuş sayı: 33