Türkiyənin müdafiə sənayesi İspaniya ilə əməkdaşlığı genişləndirib
Türkiyə ilə İspaniya arasında müdafiə və aviasiya sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Türkiyənin müdafiə nazirinin müavini Salih Ayhan İspaniyaya səfəri çərçivəsində “Airbus” şirkətinin Sevilya şəhərində yerləşən istehsalat müəssisəsinə baş çəkib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “SonDakika” nəşri məlumat yayıb.
Bildirilib ki, Salih Ayhan “Airbus” şirkətinin San Pablo Yekun Yığım Xətti (FAL) müəssisəsində şirkət rəsmiləri ilə görüş keçirib.
Görüş zamanı zavodun istehsal gücü, davam edən aviasiya layihələri, müdafiə sənayesi sahəsində mövcud və potensial əməkdaşlıq imkanları müzakirə edilib.
Tərəflər Türkiyənin müdafiə və aviasiya sahəsindəki imkanlarının beynəlxalq tərəfdaşlarla birləşdirilməsi, eləcə də strateji əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini nəzərdən keçiriblər.
Salih Ayhan İspaniyaya səfəri çərçivəsində Türkiyənin Madriddəki səfirliyini də ziyarət edib. O, Türkiyənin İspaniyadakı səfiri Nüket Kiçükel Ezberci ilə görüşərək diplomatik fəaliyyətinə görə ona təşəkkür edib.
Qeyd edək ki, Türkiyə ilə İspaniya arasında müdafiə və aviasiya sahəsində əməkdaşlıq son dövrlərdə genişlənir. Bu istiqamətdə mühüm layihələrdən biri də Türkiyənin HÜRJET təlim təyyarələrinin İspaniyaya tədarükü ilə bağlı razılaşmadır.
22:13 27.11.2026
Oxunuş sayı: 42