İran Küveytdəki dron hücumuna görə Ukraynanı ittiham edib
İran Küveytə pilotsuz uçuş aparatları ilə hücumun təşkilində Ukraynanı ittiham edib.
Crossmedia.az xəbər verir ki, İranda Küveytə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumun Ukrayna tərəfindən təşkil olunduğu iddia edilib. Bu barədə “New York Post” nəşri məlumat yayıb.
Məlumata görə, noyabrın 26-da baş verən hücum nəticəsində Küveytdə hava hücumundan müdafiə sistemlərinə texniki xidmət göstərən Almaniyanın “Rheinmetall” müdafiə konserninin iki italiyalı mütəxəssisi həlak olub. Küveyt və İtaliya rəsmiləri hadisəyə görə məsuliyyəti İranın üzərinə qoyublar.
Lakin ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinin keçmiş müşaviri Məhəmməd Mərandi hücumun arxasında Ukraynanın dayandığını iddia edib. Onun fikrincə, Kiyev bu addımla ABŞ Prezidenti Donald Trampın diqqətini cəlb etməyə və öz əhəmiyyətini nümayiş etdirməyə çalışır. Bununla belə, Mərandi iddiasını təsdiqləyən hər hansı sübut təqdim etməyib.
İranın Romadakı səfirliyi də Avropa ölkələrini Yaxın Şərq münaqişəsinə cəlb etmək məqsədilə “saxta bayraq” əməliyyatının həyata keçirilmiş ola biləcəyini bəyan edib.
Qeyd edək ki, Ukrayna İranın pilotsuz uçuş aparatlarından müdafiə məqsədilə Küveyt də daxil olmaqla, Yaxın Şərqin bir sıra ölkələrinə hərbi mütəxəssislər və pilotsuz uçuş aparatlarını zərərsizləşdirən dronlar göndərib.
20:32 27.11.2026
Oxunuş sayı: 91