Çexiya baş naziri Aİ sammitindəki gərginliyi açıqlayıb
Avropa İttifaqının növbədənkənar sammitində 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcə ilə bağlı müzakirələr gərgin keçib. İttifaqa üzv ölkələr arasında maliyyə məsələləri və Ukraynaya əlavə yardım ayrılması ilə bağlı razılıq əldə olunmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş sammitin yekunlarını şərh edərkən bildirib. Məlumatı Çexiyanın "CTK" agentliyi yayıb.
Babişin sözlərinə görə, müzakirələr yüksək emosional şəraitdə və gərgin atmosferdə aparılıb. Tərəflər arasında fikir ayrılıqları səbəbindən danışıqlar nəticəsiz başa çatıb.
Çexiya hökumətinin başçısı təklif olunan büdcəni ölkəsi üçün qəbuledilməz adlandırıb. O bildirib ki, yeni maliyyə dövründə Çexiya hazırkı dövrlə müqayisədə 3,2 milyard avro daha az vəsait əldə edə bilər.
Məsələnin növbəti müzakirəsi dekabrın 17-nə təyin edilib.
Qeyd edək ki, noyabrın 27-də Brüsseldə keçirilən növbədənkənar sammitdə Aİ liderləri yeddiillik büdcə və Ukraynaya 45 milyard avro məbləğində əlavə kredit ayrılması məsələsində razılığa gələ bilməyiblər.
Almaniya kansleri Fridrix Merts Ukraynanın maliyyələşdirilməsində Aİ-nin bütün 27 üzvünün iştirak etməsini tələb edib. Fransa Prezidenti Emmanuel Makron isə danışıqların 2027-ci ilin ikinci yarısınadək uzana biləcəyini istisna etməyib.
20:39 27.11.2026
Oxunuş sayı: 78