Almaniyada Ukraynaya hərbi dəstəyə qarşı çıxanların sayı artıb: Əhalinin 53%-i yardıma etiraz edir
Almanların artıq 53%-i Ukraynaya hərbi yardım göstərilməsinin əleyhinədir. Halbuki cəmi bir il əvvəl əhalinin 59%-i bu yardımı dəstəkləyirdi.
Körber Fondunun keçirdiyi sorğuya əsasən, hazırda almanların yalnız 46%-i Ukraynaya hərbi dəstəyin davam etdirilməsinin tərəfdarıdır. Ən aşağı dəstək səviyyəsi Almaniyanın şərq torpaqlarında qeydə alınıb – 31%. Məhz bu bölgələrdə Rusiyayönlü «Almaniya üçün Alternativ» (AfD) partiyası mövqelərini fəal şəkildə gücləndirir.
Uzunmüddətli iqtisadi böhran, yaşayış xərclərinin artması və dövlət xərclərinin azaldılması zərurəti fonunda Ukraynaya yardımın əleyhdarları almanların rifahını Kiyevə ayrılan milyardlarla avro ilə getdikcə daha çox qarşı-qarşıya qoyurlar.
Eyni zamanda, Merts Avropa İttifaqı daxilində də müqavimətlə üzləşir. Kansler 2027-ci il üçün Ukraynaya 45 milyard avro həcmində kredit ayrılmasını Aİ-nin 27 üzv ölkəsinin hamısı dəstəkləməyəcəyi təqdirdə, İttifaqın büdcəsini bloklamaqla hədələyib. Slovakiyanın Baş naziri Robert Fitso bunu artıq «klassik şantaj» adlandırıb. Macarıstan, Çexiya və Bolqarıstan da etirazlarını bildiriblər.
ABŞ-ın hərbi yardımını əhəmiyyətli dərəcədə azaltmasından sonra Almaniyanın Ukraynanın ən böyük dəstəkçisinə çevrildiyini nəzərə alsaq, bu tendensiya Kiyev üçün narahatedicidir.
İndi Mertsin qarşısında öz vətəndaşlarını Ukraynanın müdafiəsinin maliyyələşdirilməsinin xeyriyyəçilik deyil, Almaniyanın öz təhlükəsizliyinə yatırılan sərmayə olduğuna inandırmaq vəzifəsi dayanır.
20:52 27.11.2026
Oxunuş sayı: 90