İnsanlar özlərini niyə tənha hiss edir?
Müasir dövrdə tənhalıq cəmiyyətin getdikcə daha çox diqqət yetirməli olduğu sosial və psixoloji problemlərdən birinə çevrilib. Texnologiyanın inkişafı, sosial şəbəkələrin geniş yayılması və insanların ünsiyyət imkanlarının artmasına baxmayaraq, bir çox insan gündəlik həyatında özünü tənha, anlaşılmamış və cəmiyyətdən uzaq hiss edir. Maraqlıdır ki, insanın ətrafında çoxsaylı insanların olması belə bəzən onun tənhalıq hissini aradan qaldırmır. Çünki tənhalıq yalnız fiziki olaraq tək qalmaq deyil, eyni zamanda emosional yaxınlığın, qarşılıqlı anlaşmanın və mənalı sosial münasibətlərin çatışmazlığı ilə də bağlıdır.
Tənhalıq uzun müddət fərdi psixoloji vəziyyət kimi qiymətləndirilsə də, son illərdə aparılan elmi araşdırmalar bu problemin daha geniş sosial səbəblərinin olduğunu ortaya qoyur. Miçiqan Universitetinin alimləri də hesab edirlər ki, tənhalığa yalnız tibbi və ya fərdi sağlamlıq problemi kimi yanaşmaq onun yaranmasına səbəb olan ictimai amillərin diqqətdən kənarda qalmasına gətirib çıxara bilər. Sosial əlaqələrin zəifləməsi, ailə münasibətlərində dəyişikliklər, iş həyatının intensivliyi, şəhər mühitində insanların bir-birindən uzaqlaşması və virtual ünsiyyətin real münasibətləri əvəz etməsi bu problemin dərinləşməsinə təsir göstərən amillər sırasındadır.
Digər tərəfdən, tənhalığın insanın psixoloji vəziyyətinə, emosional tarazlığına və ümumi sağlamlığına təsiri də ciddi narahatlıq doğurur. Uzun müddət davam edən tənhalıq depressiv əlamətlərin, narahatlığın, özünəinamın azalmasının və sosial münasibətlərdən qaçma meylinin yaranmasına səbəb ola bilər. Bəzən insan tənhalıq hissini ətrafındakılardan gizlədir, kömək istəməkdən çəkinir və nəticədə bu vəziyyət daha da dərinləşir.
Bu baxımdan tənhalıqla mübarizə yalnız psixoloji dəstək və tibbi müdaxilə ilə məhdudlaşmamalı, insanların sosiallaşmasına, sağlam münasibətlər qurmasına və cəmiyyətə inteqrasiyasına imkan verən mühitin formalaşdırılmasını da əhatə etməlidir.
Crossmedia.az-a açıqlamasında uşaq və yeniyetmə psixoloqu Aysu Həsənzadə bildirib ki, tənhalıq və tək qalmaq əslində bir-birindən fərqli anlayışlardır:
"Tək qalmaq insanın fiziki olaraq ətrafında başqa insanların olmaması, tənhalıq isə insanın emosional və psixoloji olaraq özünü başqalarından uzaq, anlaşılmamış və əlaqəsiz hiss etməsidir. Bəzən insan tək qalmağı özü seçir, bu zaman həmin vəziyyət ona rahatlıq verir, özünü dinləmək, düşünmək və daxili tarazlığını bərpa etmək imkanı yaradır. Amma tənhalıq daha çox insanın ehtiyac duyduğu emosional yaxınlığı və bağlılığı hiss edə bilməməsi ilə əlaqəlidir. Yəni insanın ətrafında çoxlu dostlarının, ailə üzvlərinin, tanışlarının olması onun özünü tənha hiss etməyəcəyinə zəmanət vermir. Çünki burada əsas məsələ insanların sayı deyil, həmin münasibətlərin nə qədər səmimi, güvənli və emosional baxımdan doyurucu olmasıdır. İnsan bəzən onlarla insanın içində ola bilər, amma onu həqiqətən dinləyən, anlayan və olduğu kimi qəbul edən birinin olmadığını düşünə bilər. Bu zaman fiziki yaxınlıq olsa da, emosional yaxınlıq çatışmır. Psixoloji araşdırmalarda da tənhalıq insanın arzuladığı sosial münasibətlərlə mövcud münasibətləri arasında yaranan fərq kimi izah olunur. Yəni insanın münasibətlərindən gözləntiləri ilə real həyatda yaşadığı münasibətlər üst-üstə düşmədikdə tənhalıq hissi yarana bilər. Bu hissin yaranmasına bir neçə amil təsir edir. İlk növbədə insanın uşaqlıq dövründə formalaşan bağlanma təcrübələri mühüm rol oynayır. Əgər insan uşaqlıqda emosional ehtiyaclarının qarşılanmadığı, hisslərinin nəzərə alınmadığı və ya münasibətlərdə özünü güvəndə hiss etmədiyi bir mühitdə böyüyübsə, gələcəkdə də yaxın münasibətlər qurmaqda çətinlik çəkə bilər. Bəzən insan yaxınlıq istəyir, amma eyni zamanda incinməkdən, rədd edilməkdən və ya qarşı tərəfə güvənməkdən qorxduğu üçün özü ilə başqaları arasında emosional məsafə yaradır. Digər tərəfdən, özünə inamın aşağı olması, özünü başqaları ilə müqayisə etmək, qəbul edilməmək qorxusu, keçmişdə yaşanmış xəyanət və məyusluqlar da tənhalıq hissini gücləndirə bilər. Sosial amillər də burada az rol oynamır. Müasir dövrdə sosial şəbəkələr vasitəsilə insanlar bir-biri ilə daim ünsiyyətdə olsalar da, bu ünsiyyət hər zaman real emosional bağlılıq yaratmır. İnsan başqalarının həyatını izlədikcə öz həyatını müqayisə edə, hər kəsin xoşbəxt və sosial baxımdan aktiv olduğunu düşünərək özündə çatışmazlıq hiss edə bilər. Həmçinin şəhər həyatının sürətlənməsi, iş yükü, vaxt çatışmazlığı, köç, ayrılıq, itki və həyat dəyişiklikləri də insanın sosial münasibətlərinə təsir göstərir. Tənhalıq müəyyən dövrlərdə hər bir insanın yaşaya biləcəyi normal bir hissdir. Əslində bu hiss bəzən bizə emosional ehtiyaclarımızın qarşılanmadığını göstərən bir siqnaldır. Ancaq əsas məsələ onun nə qədər davam etməsi və insanın həyatına necə təsir etməsidir. Uzun müddət davam edən tənhalıq insanın psixoloji sağlamlığına ciddi təsir göstərə bilər. Belə insanlar zamanla özlərini dəyərsiz, lazımsız və başqaları üçün əhəmiyyətsiz hiss edə bilərlər. Bu vəziyyət depressiv əhvalın, təşvişin, özünə inamın azalmasının və ümidsizlik hissinin yaranmasına zəmin yarada bilər. Eyni zamanda yuxu problemləri, diqqətin və motivasiyanın azalması, gündəlik fəaliyyətlərə marağın itməsi də müşahidə oluna bilər. Elmi araşdırmalar göstərir ki, uzunmüddətli tənhalıq yalnız psixoloji deyil, fiziki sağlamlıqla da əlaqəlidir. Xroniki stressin artması, yuxu keyfiyyətinin pozulması və ürək-damar sağlamlığı ilə bağlı risklərin yüksəlməsi bu əlaqələr arasında göstərilir. Burada vacib bir məqamı da qeyd etmək istəyirəm, tənhalıq hər zaman depressiya demək deyil, eyni zamanda hər tənhalıq yaşayan insanda psixoloji pozuntu yaranacaq deyə bir qayda yoxdur. Amma bu hiss uzun müddət davam edirsə, insanın gündəlik həyatına, münasibətlərinə və özünə münasibətinə mənfi təsir göstərirsə, artıq diqqət yetirilməli olan bir vəziyyətə çevrilir. Bəs insan bu hissdən xilas olmaq üçün nə etməlidir. Mən ilk növbədə insana öz hisslərini inkar etməməyi və özünü buna görə günahlandırmamağı tövsiyə edərdim. Çünki tənhalıq yaşamaq insanın zəif, ünsiyyətsiz və ya sevilməyə layiq olmayan biri olduğunu göstərmir. Əksinə, bu hiss insanın emosional ehtiyaclarını daha yaxşı tanıması üçün bir fürsət ola bilər. İnsan özünə sual verməlidir, mən əslində nəyə ehtiyac duyuram, daha çox ünsiyyətə, yoxsa məni anlayan və dinləyən bir insana, münasibətlərimdə hansı ehtiyaclarım qarşılanmır. Çünki bəzən insanın ehtiyacı çoxlu yeni insanlarla tanış olmaq deyil, mövcud münasibətlərində daha dərin və səmimi bağlar qurmaqdır. Bunun üçün ilk addım kiçik də olsa sosial əlaqələri artırmaq, yaxın insanlarla ünsiyyətə vaxt ayırmaq, hisslərini bölüşmək və kömək istəməkdən çəkinməməkdir. İnsan öz maraqlarına uyğun fəaliyyətlərə qoşula, yeni mühitlərdə iştirak edə, sosial və yaradıcı fəaliyyətlər vasitəsilə ortaq maraqları olan insanlarla tanış ola bilər. Burada əsas məsələ özünü məcbur etmək deyil, tədricən və öz rahatlıq səviyyəsinə uyğun şəkildə sosial münasibətlər qurmaqdır. Digər vacib məqam insanın öz düşüncələrinə diqqət yetirməsidir. Bəzən tənhalıq yaşayan insan öz daxilində belə düşüncələr formalaşdırır, heç kim məni anlamır, mən heç kimə lazım deyiləm, yaxınlaşsam yenə inciyəcəyəm. Bu düşüncələr zamanla insanın davranışlarına təsir edir, o, ünsiyyətdən uzaqlaşır və nəticədə tənhalıq daha da güclənir. Psixologiyada bu cür düşüncə və davranış nümunələrinin dəyişdirilməsində koqnitiv davranış terapiyasından da istifadə olunur. Yəni insanın hadisələri necə qiymətləndirdiyini, özünə və başqalarına münasibətdə formalaşdırdığı düşüncələri araşdırmaq və daha sağlam yanaşmalar inkişaf etdirmək mümkündür. Əgər tənhalıq uzun müddət davam edirsə, insan sosial münasibətlər qurmaqda çətinlik çəkirsə, özünü ümidsiz hiss edirsə və bu vəziyyət gündəlik həyatına təsir göstərirsə, psixoloqa müraciət etməsi vacibdir. Çünki bəzən tənhalığın arxasında keçmiş travmalar, bağlanma çətinlikləri, özünə dəyər vermə ilə bağlı problemlər və ya depressiv əlamətlər dayana bilər. Belə hallarda sadəcə insanlarla daha çox ünsiyyətdə olmaq kifayət etmir, problemin kökünü anlamaq və onun üzərində işləmək lazımdır. Mən düşünürəm ki, burada ən vacib mesajlardan biri budur, insanın özünü tənha hiss etməməsi üçün daim insanların əhatəsində olması vacib deyil, onun həyatında özünü güvəndə, dəyərli və anlaşılmış hiss etdiyi münasibətlərin olması vacibdir. Çünki sağlam sosial münasibətlərin göstəricisi ətrafımızda neçə nəfərin olması deyil, həmin insanların yanında nə qədər özümüz ola bilməyimizdir".
Məhəbbət Tərlanoğlu
21:26 27.11.2026
Oxunuş sayı: 73