Zaxarova Latviyanı Rusiyaya qarşı eskalasiyada ittiham edib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Latviyanı Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı hədəflərə pilotsuz uçuş aparatları ilə hücumları zamanı öz hava məkanından istifadəyə icazə verməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Gazeta.press" məlumat yayıb.
Zaxarovanın sözlərinə görə, Latviya və digər Baltikyanı respublikalar Ukrayna ordusunun Rusiya ərazisindəki obyektlərə hücum etmək məqsədilə dronlardan istifadə etməsinə dəfələrlə şərait yaradıb.
Diplomat bildirib ki, Latviya Qərbin Rusiyaya qarşı qarşıdurmasının gücləndirilməsində fəal rol oynayır, Ukraynanın ən yaxın müttəfiqlərindən biri kimi çıxış edir və mütəmadi olaraq Kiyevə pilotsuz uçuş aparatları tədarük edir.
Zaxarova iddia edib ki, Rusiya tərəfi Ukrayna dronlarının Rusiya obyektlərinə hücumları zamanı Baltikyanı ölkələrin hava məkanından istifadə edilməsi ilə bağlı çoxsaylı halları qeydə alıb.
O, Latviyanın Moskva ilə münasibətlərin normallaşdırılmasında maraqlı olmadığını, əksinə, açıq qarşıdurmaya səbəb ola biləcək eskalasiya siyasəti yürütdüyünü bildirib.
Rusiya XİN nümayəndəsi Moskvanın Latviyanın seçdiyi siyasətə görə məsuliyyət daşımadığını, lakin bu vəziyyəti diqqətdən kənarda saxlaya bilməyəcəyini vurğulayıb.
Zaxarova Rusiyanın milli maraqlarının və vətəndaşlarının hüquqlarının qorunması məqsədilə siyasi-diplomatik xarakterli qəti cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.
Qeyd edək ki, Zaxarova bu açıqlamanı Litvanın “derusifikasiya” strategiyasını qəbul etməsini şərh edərkən səsləndirib.
21:39 27.11.2026
Oxunuş sayı: 86