Ermənistanın “Armenian Airlines” şirkəti fəaliyyətini dayandırır – Son təyyarəsi Türkiyəyə göndərilib
Ermənistanda fəaliyyət göstərən “Armenian Airlines” aviaşirkəti artan aviasiya yanacağının qiymətləri səbəbindən fəaliyyətini tamamilə dayandırmaq qərarına gəlib. Şirkət bütün uçuş planlarını ləğv edib və hava nəqliyyatı operatoru sertifikatını aidiyyəti qurumlara təhvil verməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Sondakika” nəşri məlumat yayıb.
Bildirilib ki, şirkət 2026-cı ilin payızında uçuşları bərpa etməyi planlaşdırsa da, yanacaq xərclərinin artması bu planın həyata keçirilməsinə imkan verməyib. Xüsusilə İrandakı müharibədən sonra qlobal enerji qiymətlərinin yüksəlməsi aviaşirkətin fəaliyyətini iqtisadi baxımdan səmərəsiz edib.
2021-ci ildə yaradılan və 2022-ci ildə uçuş operatoru sertifikatı alan “Armenian Airlines” 2023-cü ilin martında ilk kommersiya uçuşunu həyata keçirib. Şirkət 2022–2025-ci illərdə əsasən Ermənistan və Rusiyanın müxtəlif şəhərləri arasında sərnişindaşıma xidmətləri göstərib.
Aviaşirkət 2025-ci ilin aprelində Airbus A321 təyyarələrindən ibarət parkını yeniləmək məqsədilə müntəzəm uçuşlarını dayandırmışdı. Daha sonra 2026-cı ilin payızında fəaliyyətini bərpa etmək üçün Boeing 737-800 tipli təyyarə əldə edərək sertifikatını yenidən aktivləşdirmişdi.
Bu çərçivədə noyabrın 12-də İrəvandan Türkiyənin Bodrum şəhərinə xüsusi reys həyata keçirilib. Lakin son qərardan sonra Boeing 737-800 tipli təyyarə də istismardan çıxarılıb və şirkətin bütün gələcək uçuş planları ləğv edilib.
Beləliklə, aviaşirkətin son təyyarəsinin də Türkiyəyə aparılması ilə onun fəaliyyətini bərpa etmək planları baş tutmayıb.
Qeyd edək ki, “Armenian Airlines” 2020-ci ildə ləğv edilmiş əvvəlki dövlət aviaşirkətindən müstəqil, özəl şirkət olub. Eyni zamanda, Ermənistanda fəaliyyətini davam etdirən “FlyOne Armenia” ölkənin hava nəqliyyatı bazarındakı əsas daşıyıcılardan biri olaraq qalır.
21:59 27.11.2026
Oxunuş sayı: 60