Ukrayna əhalisinin kredit borcu sürətlə böyüyür
Ukrayna əhalisinin mikromaliyyə təşkilatları qarşısında borcu 2026-cı ilin oktyabr ayının əvvəlinə 36,1 milyard qrivnaya (təxminən 794 milyon dollar) çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə analitik "Opendatabot" portalı yazıb.
Bildirilib ki, ilin əvvəlindən etibarən borcun ümumi məbləği 8,4 milyard qrivna (185 milyon dollar) və ya 30 faiz artıb. İllik müqayisədə isə göstərici 1,5 dəfə yüksəlib.
Məlumata görə, verilən kreditlərin ümumi həcmi də 1,5 dəfə artaraq 40,8 milyard qrivnadan 59,5 milyard qrivnaya (təxminən 1,31 milyard dollar) çatıb.
Mikrokreditlərin orta məbləğində də ciddi artım qeydə alınıb. Belə ki, əvvəlki dövrdə 6,7 min qrivna (147 dollar) olan orta kredit məbləği hazırda 10,4 min qrivnaya (229 dollar) yüksəlib.
Opendatabotun məlumatına əsasən, qüvvədə olan mikrokredit müqavilələri üzrə ümumi öhdəliklər bir il ərzində 26,8 milyard qrivnadan 56,7 milyard qrivnaya (1,25 milyard dollar) qədər artıb. Eyni zamanda, müqavilələrin sayı cəmi 15 faiz çoxalıb.
“Comments.ua” nəşri bu dinamikanı əhalinin yoxsullaşmasının narahatedici göstəricisi kimi qiymətləndirib. Nəşrin fikrincə, vətəndaşlar artan maliyyə ehtiyaclarını qarşılamaq üçün daha böyük məbləğdə kredit götürməyə məcbur qalırlar.
Qeyd edək ki, bundan əvvəl Ukrayna sakinlərinin kommunal xidmətlər üzrə borclarının 2,2 milyard dolları keçdiyi barədə məlumat yayılmışdı.
23:41 27.11.2026
Oxunuş sayı: 49