BMT-dən xəbərdarlıq: 16 bölgədə aclıq təhlükəsi güclənir
Dünyanın bir sıra bölgələrində ərzaq çatışmazlığı və aclıq təhlükəsinin yaxın aylarda daha da artacağı gözlənilir. Münaqişələr, iqtisadi çətinliklər və ekstremal hava şəraiti milyonlarla insanın ərzağa çıxışını məhdudlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Ərzaq Proqramının (WFP) birgə hesabatında bildirilib.
Hesabata əsasən, 2026-cı ilin dekabrından 2027-ci ilin mayınadək 16 bölgədə ərzaq təhlükəsizliyi vəziyyətinin pisləşəcəyi proqnozlaşdırılır. Əvvəlki hesabatda bu göstərici 13 bölgə olub.
Sudan, Cənubi Sudan, Somali, Nigeriyanın şimalı və Yəmən ən ciddi risklə üzləşən ərazilər sırasındadır. Çad, Uqanda, Afrikanın cənubundakı bəzi ölkələr və Mərkəzi Amerika da yeni risk zonaları kimi müəyyən edilib.
Təşkilatların qiymətləndirməsinə görə, münaqişələr və zorakılıq 16 risk zonasının 12-də aclığın əsas səbəblərindəndir. Bununla yanaşı, humanitar yardımların maliyyələşdirilməsinin azalması vəziyyəti daha da çətinləşdirir.
Hesabatda mümkün El-Ninyo iqlim hadisəsinin də bəzi regionlarda quraqlıq, həddindən artıq istilər və dağıdıcı daşqınlara səbəb ola biləcəyi vurğulanıb.
02:03 28.11.2026
Oxunuş sayı: 128