Xərçəng hallarının 12 faizi infeksiyalarla əlaqəlidir
Dünyada qeydə alınan yeni xərçəng hallarının təxminən 12 faizi infeksiyalarla əlaqələndirilir. Alimlərin araşdırmasına görə, bəzi virus və bakteriyalar uzunmüddətli təsirləri nəticəsində müxtəlif xərçəng növlərinin yaranmasına səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin “The Lancet Oncology” jurnalında dərc olunan tədqiqatında bildirilib.
Araşdırmaya əsasən, 2024-cü ildə dünyada təxminən 2,3 milyon yeni xərçəng hadisəsi infeksiyalarla əlaqəli olub.
Tədqiqatçılar əsas risk faktorları arasında “Helicobacter pylori” bakteriyasını, insan papilloma virusunu (HPV), hepatit B və C viruslarını, həmçinin Epşteyn-Barr virusunu göstəriblər.
Məlumata görə, “Helicobacter pylori” əsasən mədə xərçəngi ilə, HPV isə uşaqlıq boynu xərçəngi ilə əlaqələndirilir. Hepatit virusları qaraciyər xərçənginin yaranmasında mühüm rol oynaya bilər.
Alimlər peyvəndləmə, vaxtında müayinə, infeksiyaların aşkarlanması və müalicəsinin bu risklərin azaldılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayırlar.
Tədqiqat infeksiyaların yaratdığı xərçəng riskinin qarşısının alınmasının mümkün olduğunu göstərir.
04:06 28.11.2026
Oxunuş sayı: 100