İrandan Ukraynaya qarşı ciddi ittiham: Küveytə PUA hücumunu Kiyev təşkil edib?
İran Ukraynanı Küveytə pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil etməkdə ittiham edib. Hadisə nəticəsində iki italiyalı mütəxəssis həlak olub, daha iki nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Post” nəşri İranın nüvə proqramı üzrə danışıqlar qrupunun keçmiş müşaviri Məhəmməd Mərəndiyə istinadən məlumat yayıb.
Mərəndinin iddiasına görə, hücum başqa qüvvələrin üzərinə atılmaq üçün təşkil edilmiş əməliyyat ola bilər. Onun fikrincə, məqsəd ABŞ Prezidenti Donald Trampa müəyyən güc nümayiş etdirməkdir.
Keçmiş müşavir Ukrayna qüvvələrinin Yaxın Şərqin müxtəlif ərazilərində, o cümlədən İraqın şimalında və Suriyada fəaliyyət göstərdiyini iddia edib.
Bununla belə, Küveyt və İtaliya rəsmiləri hücuma görə İranı məsul tutublar. Tehran isə insidentdə iştirakını inkar edir. İranın Romadakı səfirliyi də hadisənin regionda münaqişəni genişləndirmək və Avropa ölkələrini qarşıdurmaya cəlb etmək məqsədilə törədilmiş təxribat ola biləcəyini bildirib.
Qeyd edək ki, İran daha əvvəl Ukraynanın sərhədləri yaxınlığında minlərlə pilotsuz uçuş aparatı yerləşdirdiyinə dair məlumatlardan sonra Kiyevə qarşı tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Ukrayna və İraq Kürdüstanı isə həmin məlumatları təkzib etmişdi.
23:59 27.11.2026
Oxunuş sayı: 37