Moldovada qaz 80 faiz bahalaşıb
Moldova Prezidenti Maya Sandunun bəzi vətəndaşların ölkə vətəndaşlığına layiq olmadığı və onların pasportlarının geri alınmasını istədiyi barədə açıqlaması ölkədə siyasi müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyində siyasi şərhçi İqor İvanenkonun analitik məqaləsi dərc olunub.
Sandu noyabrın 25-də Jurnal TV-yə müsahibəsində ölkə əleyhinə fəaliyyət göstərən və bunu maddi maraqlar naminə edən şəxslərin Moldova vətəndaşlığından məhrum edilməli olduğunu bildirib. Prezident belə şəxslərdən ibarət geniş siyahı hazırlaya biləcəyini də qeyd edib.
Moldova liderinin bu açıqlaması rusiyalı iş adamı İqor Makarovun vətəndaşlıq məsələsi ilə bağlı jurnalistin sualına cavab verərkən səsləndirilib.
Məlumata görə, Makarov 2005-ci ildə Moldova vətəndaşlığı alıb. O, 2022-ci ildə Kanadanın sanksiyalar siyahısına daxil edilib. İş adamı daha sonra Kanada hökumətinə qarşı beynəlxalq arbitraja müraciət edərək dondurulmuş aktivlərinə görə təxminən 250 milyon dollar təzminat tələb edib.
TASS-ın müəllifi hesab edir ki, Sandunun açıqlaması ölkədəki iqtisadi çətinliklər və enerji qiymətlərinin artması fonunda səsləndirilib.
Məqalədə bildirilir ki, noyabrın 25-də Moldovada enerji tariflərinin artırılması qərarı açıqlanıb. Həmçinin ölkənin enerji sektoruna ayrılan Avropa İttifaqı dəstəyinin əvvəlki illərlə müqayisədə azaldığı qeyd olunur.
Müəllifin fikrincə, vətəndaşlıq məsələsinin siyasi gündəmə gətirilməsi hakimiyyətin ölkədəki iqtisadi problemlər fonunda diqqəti başqa istiqamətə yönəltmək cəhdi ola bilər.
Qeyd edək ki, Maya Sandu vətəndaşlığın geri alınmasının yalnız qanunvericilikdə nəzərdə tutulan müstəsna hallarda mümkün olduğunu bildirib. Onun sözlərinə görə, hər bir belə hal ayrıca araşdırılmalı, prosesdə Moldova Təhlükəsizlik və Kəşfiyyat Xidməti və digər dövlət qurumları iştirak etməlidir.
00:01 28.11.2026
Oxunuş sayı: 37