İspaniya sahillərində miqrant faciəsi
İspaniyanın Kanar adaları yaxınlığında təxminən 100 miqrantın olduğu qayığın xilas edilməsi əməliyyatı faciə ilə nəticələnib. Hadisə zamanı azı səkkiz nəfərin öldüyü, altı nəfərin isə ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, qayıq El-İerro adasının cənubunda, sahildən təxminən 72 kilometr məsafədə aşkarlanıb. Xilasetmə xidmətləri hadisə yerinə müdaxilə edib, ağır vəziyyətdə olan altı nəfər helikopterlə xəstəxanaya aparılıb.
Digər sağ qalanlardan 84 nəfər ayrıca xilasetmə əməliyyatı nəticəsində La Restinqa limanına çatdırılıb.
Qeyd olunur ki, noyabrın 25-də Kanar adalarına bir gün ərzində 2100 miqrantın gəlməsi qeydə alınıb. Bu, adalar üçün rekord göstərici hesab olunur.
Miqrantların Atlantik okeanı vasitəsilə İspaniyaya çatmaq cəhdi zamanı həddindən artıq yüklənmiş qayıqlardan istifadə etməsi ciddi təhlükələr yaradır.
07:12 28.11.2026
Oxunuş sayı: 119