Polşadan Rusiya raketləri ilə bağlı gözlənilməz açıqlama
Polşanın baş prokuroru və ədliyyə naziri Valdemar Jurek ölkənin hava məkanını pozan Rusiya raketlərinin bəzi hallarda niyə vurulmadığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ukraynanın “Hromadske” nəşri bu barədə məlumat yayıb.
Jurekin sözlərinə görə, Polşa hərbçiləri hava məkanına daxil olan obyektləri radarlar vasitəsilə izləyir və onların düşəcəyi ərazidən asılı olaraq mümkün təhlükələri qiymətləndirirlər.
“Əgər raket insanların həyatı üçün təhlükə yaratmayan meşəyə və ya tarlaya doğru hərəkət edirsə, onu vurmaq cəhdi qəlpələrin nəzarətsiz şəkildə ətrafa səpələnməsinə səbəb olacaq. Belə raketləri vurmaq əsassız riskdir”, – deyə o bildirib.
Polşalı rəsmi vurğulayıb ki, raketin havada məhv edilməsi hər zaman təhlükənin aradan qalxması demək deyil. Onun qalıqları yaşayış məntəqələrinə düşərək mülki şəxslərin həyatını riskə ata bilər.
Qeyd edək ki, noyabrın 20-də Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu zamanı üç qanadlı raketin qalıqları Polşa ərazisində aşkarlanıb.
Hadisədən sonra Polşa hakimiyyəti hava hücumundan müdafiə tədbirləri və Rusiya raketlərinin qarşısının alınması imkanları ilə bağlı müzakirələri davam etdirir.
12:15 28.11.2026
Oxunuş sayı: 35