Krım körpüsünə hücumda İsrail texnologiyasından istifadə olunub
Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə hücumlarında İsrailin “HiSKY” peyk rabitə sistemindən istifadə edildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) bu barədə məlumatlı məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukraynanın körpüyə zərbələr endirmək üçün istifadə etdiyi bəzi döyüş vasitələri “HiSKY” peyk rabitə sistemi ilə təchiz olunub.
Bildirilir ki, ABŞ-nin “Starlink” xidmətindən fərqli olaraq, sözügedən sistem Rusiya ərazisində də fəaliyyət göstərə bilir.
Mənbələrdən birinin sözlərinə görə, Ukraynanın pilotsuz uçuş aparatlarının operatorları “HiSKY” texnologiyasından Rusiyanın ballistik raket buraxılış qurğularının yerini müəyyənləşdirmək məqsədilə də istifadə ediblər.
Bununla belə, sistemin tətbiqi müəyyən texniki çətinliklərlə müşayiət olunur. Belə ki, “HiSKY” ilə işləmək üçün daha yüksək ixtisaslı mütəxəssislər tələb edilir və onların əməliyyat zamanı bilavasitə iştirakına ehtiyac yaranır.
“Starlink” terminalları isə istifadə baxımından daha sadə hesab olunur.
Bu səbəbdən İsrail texnologiyasının gündəlik hərbi tapşırıqlardan daha çox xüsusi əhəmiyyət daşıyan əməliyyatlarda tətbiq ediləcəyi ehtimal olunur.
Digər çətinlik Ukrayna dronlarının böyük hissəsinin əvvəlcədən “SpaceX” şirkətinin xidmətlərinə uyğunlaşdırılmasıdır. Alternativ rabitə sistemlərinə keçid üçün bəzi aparatların istehsalçı müəssisələrə qaytarılaraq yenidən təchiz edilməsi tələb olunur.
13:51 28.11.2026
Oxunuş sayı: 42