Almaniya nəhəngi Ukraynada silah zavodu tikməkdən imtina edə bilər
Almaniyanın “Rheinmetall” müdafiə konserni Ukraynada 155 millimetrlik artilleriya mərmiləri istehsal edən zavodun tikintisi layihəsindən imtina edə bilər.
Crossmedia.az xəbər verir ki, “Rheinmetall”ın baş direktoru Armin Papperger bu barədə Hamburqda keçirilən “Capital Markets Day” təqdimatında bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi artilleriya sursatlarını müstəqil istehsal etmək niyyətində olduğundan birgə layihənin həyata keçirilməsində irəliləyiş əldə olunmayıb.
Papperger qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri ildə 1–1,3 milyon artilleriya mərmisindən istifadə edir və onların yarıdan çoxu yerli müəssisələr tərəfindən istehsal olunur.
Şirkət rəhbəri bildirib ki, mövcud vəziyyətdə Ukraynadakı zavod layihəsinin davam etdirilməsi perspektivli görünmür.
Bununla belə, “Rheinmetall” Ukrayna ilə əməkdaşlığı tam dayandırmaq niyyətində deyil. Konsern yerli istehsalın genişləndirilməsi üçün sənaye avadanlıqları, o cümlədən preslər və əsas komponentlər tədarük etməyə hazırdır.
Digər əməkdaşlıq istiqaməti Ukrayna sənayesinin hələ istehsal texnologiyalarına tam malik olmadığı uzaqmənzilli artilleriya sursatlarıdır.
Şirkət Almaniya, Danimarka və Niderlandın hərbi yardım proqramları çərçivəsində Ukraynaya mərmi tədarükünü də davam etdirir.
Qeyd edək ki, Ukraynada birgə sursat istehsalı müəssisəsinin yaradılması barədə razılaşma 2024-cü ilin fevralında əldə olunub. Lakin layihənin həyata keçirilməsi dəfələrlə gecikib. Papperger daha əvvəl gecikmələri Ukraynadakı bürokratik maneələrlə əlaqələndirmişdi.
13:28 28.11.2026
Oxunuş sayı: 41