Sürixdə Azərbaycanda qış turizminin inkişaf perspektivləri müzakirə olunub
Noyabrın 27-də İsveçrənin Sürix şəhərində Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə görüş keçirilib. Görüşdə Azərbaycan Turizm Bürosunun, “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Qış İdman Növləri Federasiyasının nümayəndələri iştirak ediblər.
Crossmedia.az-a Agentlikdən verilən məlumuta görə, görüşün əsas məqsədi Azərbaycanda qış turizminin və qış idman növlərinin inkişaf perspektivlərinin müzakirə edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və FIS ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.
Seminar çərçivəsində ölkənin qış turizmi potensialı, dağ-xizək turizminin inkişafı, mövcud infrastrukturun təkmilləşdirilməsi, eləcə də Azərbaycanın beynəlxalq qış turizmi istiqaməti kimi mövqeyinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı, həmçinin turizmin inkişafına dair dövlət proqramı çərçivəsində qış turizminin inkişaf istiqamətləri, beynəlxalq standartların tətbiqi və aidiyyəti qurumlar arasında əməkdaşlıq imkanlarına diqqət yetirilib.
13:14 28.11.2026
Oxunuş sayı: 41