Atlantik okeanında miqrant faciəsi – 14 nəfər ölüb
İspaniyanın Kanarya adalarına yaxın Atlantik okeanında miqrantları daşıyan qayıqda 14 nəfər həyatını itirib, 90 nəfər isə xilas edilib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Hadisə noyabrın 27-də Kanarya adalarına daxil olan El-Yerro adasından təxminən 72 kilometr aralıda baş verib.
Məlumata görə, miqrantları daşıyan qayıq 10 gün əvvəl Qambiyanın paytaxtı Banjuldan yola düşüb. Lakin səfər zamanı mühərrik sıradan çıxdığı üçün qayıq üç gün okeanda köməksiz vəziyyətdə qalıb.
Xilasetmə əməliyyatı nəticəsində 90 nəfər sağ tapılıb. Onlardan altısı vəziyyətinin ağır olması səbəbindən helikopterlə xəstəxanaya çatdırılıb.
Digər miqrantlar isə xilasetmə gəmiləri vasitəsilə El-Yerro adasındakı La Restinqa limanına aparılıblar.
Qayıqda həyatını itirən 14 nəfərin cəsədi də sahilə çıxarılıb.
Qeyd edək ki, Afrikadan Kanarya adalarına uzanan Atlantik miqrasiya marşrutu təhlükəli dəniz yollarından biri hesab olunur.
15:24 28.11.2026
Oxunuş sayı: 52