NBC İsrailə yardımı tənqid edən reklamı yayımdan çıxarıb
ABŞ-nin NBC televiziya kanalı İsrailə göstərilən hərbi yardımın dayandırılmasına çağıran reklam çarxını etirazlardan sonra yenidən yayımlamamaq qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, “TheWrap” nəşri bu barədə məlumat yayıb.
Bildirilib ki, reklam noyabrın 25-də “Saturday Night Live” (SNL) verilişinin Şükranlıq Gününə həsr olunmuş xüsusi buraxılışı zamanı nümayiş etdirilib.
“Every Three Seconds” (“Hər üç saniyədən bir”) adlı 30 saniyəlik reklamda amerikalı qızın velosiped almaq üçün pul toplaması, daha sonra isə Qəzzada ayağını itirmiş fələstinli uşağın görüntüləri təqdim olunub.
Reklamda ABŞ vergiödəyicilərinin vəsaiti hesabına İsrailə göstərilən hərbi yardım tənqid edilib.
Çarx Fələstin tərəfdarı “Institute for Middle East Understanding Policy Project” (IMEU) təşkilatı tərəfindən maliyyələşdirilib.
Reklamın yayımlanması ABŞ-də bir sıra yəhudi və İsrail tərəfdarı təşkilatların etirazına səbəb olub. Onlar reklamda təqdim olunan bəzi iddiaları yanlış və birtərəfli hesab ediblər.
Etirazlardan sonra NBC reklamı bir daha yayımlamayacağını açıqlayıb. Telekanal həmçinin reklamların təsdiqlənməsi prosedurlarını yenidən nəzərdən keçirəcəyini bildirib.
IMEU isə qərardan məyusluğunu ifadə edərək ABŞ-nin İsrailə hərbi yardımının dayandırılması çağırışını müdafiə edib.
15:36 28.11.2026
Oxunuş sayı: 43