ABŞ-nin Çinə qadağan etdiyi güclü çiplər Şanxayda aşkarlanıb
ABŞ-nin ixrac məhdudiyyətlərinə baxmayaraq, Amerikanın “Nvidia” şirkətinin ən qabaqcıl süni intellekt çipləri Çinin Şanxay şəhərində yerləşən məlumat mərkəzində aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə Çin tənzimləyici qurumlarına təqdim edilmiş sənədlərə istinadən məlumat yayıb.
Araşdırmaya əsasən, iki Çin şirkəti iş adamı Elis Huanqla (Alice Huang) əlaqələndirilən məlumat mərkəzində “Nvidia”nın Blackwell arxitekturasına əsaslanan server sistemlərini quraşdırıb.
“Shanghai Shuoyao” şirkətinin quraşdırdığı GB300 NVL72 sistemi 72 ədəd Blackwell Ultra çipi və 36 Grace prosessoru ilə təchiz olunub.
Şirkət həmin avadanlığı girov göstərərək bankdan 96 milyon yuan (təxminən 14 milyon ABŞ dolları) kredit əldə edib.
Digər şirkət – “Shanghai Kezhan” isə eyni məlumat mərkəzində GB200 serverinin quraşdırıldığını açıqlayıb. Müəssisə 2025-ci ilin sonunda 90 milyon yuan məbləğində maliyyələşmə əldə edib.
Məlumata görə, məlumat mərkəzi Sinqapurda qeydiyyatdan keçmiş “Megaspeed International” şirkəti ilə əlaqəlidir. ABŞ qurumları bu şirkətin məhdudiyyətlərə məruz qalan “Nvidia” çiplərinin Çinə ötürülməsində mümkün iştirakını araşdırır.
Lakin “Bloomberg” aşkar edilən avadanlıqların məhz “Megaspeed” tərəfindən Çinə gətirildiyinə dair sübut əldə etməyib. Şirkət də qanunsuz fəaliyyətlə bağlı ittihamları rədd edir.
Hazırda yüksək texnologiyalı server sistemlərinin Çinə hansı yolla çatdırıldığı məlum deyil.
14:20 28.11.2026
Oxunuş sayı: 44